AZ

Ağzınızda bu əlamətlər varsa...– Nadir xərçəngin ilk simptomları



Ağız xərçəngi çox yayılmış hesab olunmasa da, son illərdə dünyada ən çox rast gəlinən 10 xərçəng növü sırasına daxil edilib. Ən təhlükəlisi isə onun simptomlarının adi xəstəliklər kimi qəbul edilərək uzun müddət gözardı edilməsidir.



“Medicina” xəbər verir ki, Klivlend Klinikasının mütəxəssisləri ağızda yaranan bəzi hisslərin – xüsusilə uyuşma və keyimələrin – daha ciddi xəstəliklərin, o cümlədən ağız xərçənginin göstəricisi ola biləcəyini vurğulayıb.

Ağız xərçənginin əsas əlamətləri bunlardır:


•Ağızda səbəbsiz ağrı
•İki həftədən çox davam edən və sağalmayan qanaxma
•Boyun nahiyəsində uzun müddət keçməyən şişkinlik
•Ağızda rəngsizləşən və uzun müddət eyni qalan bölgə
•Yanaqda şişkinlik və ya toxumanın qalınlaşması
•Boğazda “nəsə ilişib qalır” hissi
•İki həftədən çox davam edən səs dəyişikliyi

Klivlend Klinikasının onkoloqu Dr. Brayan Berkley bildirir:

“Biz diş ətrafında və damaqda qıcıqlanma ilə müraciət edən xəstələri tez-tez görürük və bir il ərzində bu vəziyyət skuamöz hüceyrəli karsinomaya çevrilə bilər. Yaxşı xəbər odur ki, bu xərçənglər erkən mərhələdə aşkarlandıqda müalicə olunur”.

Həkimlər bildirirlər ki, insanlar bu simptomları çox vaxt kiçik narahatlıqlar kimi qəbul edir və bu səbəbdən diaqnoz gecikdirilir. Əgər ağız boşluğunda yaranan simptomlar iki həftədən artıq davam edirsə, həkimə müraciət olunması vacibdir.

Ağızda uyuşma həmişə xərçəng demək deyil.

Uyuşma və keyimə xərçəngin əlaməti ola bilsə də, bu simptom başqa səbəblərlə də bağlı ola bilər:

•Allergiyalar
•Hipokalsemiya
•Vitamin çatışmazlığı
•Hipoqlikemiya
•Dağınıq skleroz
•Psixoloji vəziyyətlər
•Paresteziya

Ağız xərçəngi hansı səbəblərlə yaranır?

Bu xəstəlik adətən tütün və alkoqol istifadəsi, eləcə də HPV virusuna yoluxma ilə əlaqələndirilir.

Stomatit və xərçəngi necə fərqləndirmək olar?

Onkoloji mənşəli ağız yaraları xəstəni çox az narahat edir və aylarla davam edə bilər. Halbuki stomatit zamanı yaralar adətən daha ağrılı olur, daha qısa müddətdə sağalır və əsasən dodaqların içəri hissəsində, yanaqlarda və dilin yanlarında yaranır. Leykoplakiya isə ağız boşluğunun istənilən hissəsində müşahidə oluna bilər.


Ağızda yaranan qeyri-adi dəyişiklikləri diqqətsiz buraxmaq olmaz. Erkən diaqnoz həyat qurtara bilər.

Aygün Musayeva
Medicina.az


Seçilən
10
1
medicina.az

2Mənbələr