AZ

Xıdırlı və Ballıca kəndləri əzəli sakinlərini qarşıladı

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşğaldan azad olunmuş torpaqlara "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlara dönüşü mərhələli olaraq davam edir. Azərbaycanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb. Ağdam rayonunun Xıdırlı kəndində 60 ailə olmaqla, 236 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

Yenidən çiçəklənən Ağdam doğma sakinlərini qarşılamağa davam edir. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. İnsanların doğma yerlərdən səsləri eşdilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Ağdam da da abadlıq-quruculuq meydanına çevrilib.

44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirib. Uzaqgörən qərarları ilə Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir irimiqyaslı layihələri ilə müasir dünyamızda etibarlı tərəfdaşlarından birinə çevrilib. İşğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur.

Yeni istehsal müəssisələri istismara verilib. Bildiyimiz kimi, Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. "Tabaterra" MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə Parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.

Qeyd edək ki, hazırda ölkədə 9 sənaye parkı var. Bunlar Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Naxçıvan, Hacıqabul, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarıdır. Bununla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi yaradılıb. Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə "Tabaterra" MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsi yaradılıb.

İRİMİQYASLI LAYİHƏLƏR

Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına xüsusi diqqət ayrılır.

960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binası "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində inşa edilib. Binada 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərir. Burada artıq 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası da istifadəyə verilib. İşğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşması ilə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin inşası istiqamətində ardıcıl işlər görülür. Belə layihələr, eyni zamanda, bu ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin tərkib hissəsi olmaqla da mühüm əhəmiyyət daşıyır.

Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışı da qeyd olunmalıdır. Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb. Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.

MÜASİR MƏKAN

Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır. Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Yeni reallıqlar yaradan Azərbaycan dinamik inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfərləri və burada yeni müəssisələrin təməllərinin qoyulması tezliklə Ağdamın müasir bir məkana çevriləcəyindən və sakinlərinin əzəli torpaqlarına qayıdacağından xəbər verir. Səfərlər çərçivəsində dövlətimizin başçısının görülən işlərlə tanışlığı və yeni təməllərin qoyulması, tapşırıq və göstərişlərin verilməsi Ağdamın tezliklə qurulmasının göstəricisidir. Artıq Ağdamda 2-ci yaşayış məhəlləsi salınır. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır.

Əlbəttə ki, Ağdamda aparılan abadlıq-quruculuq işləri çərçivəsində şəhərin daxili yollarında aparılan işləri də qeyd etməliyik. Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Bu yolların birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissəsi müsbət ekspertiza rəyi alıb. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan Ağdam özünün əzəli sakinlərinin – ağdamlıları qarşılayır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə desək, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!

XOCALININ GƏLƏCƏK İNKİŞAFI İLƏ BAĞLI BAŞ PLANI

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Azərbaycan tarixi ədaləti bərpa edib və günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Azərbaycan əzəli torpaqlarına sahibdir. Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcı. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu və əzəli yurd yerlərimizə sahib olduq. Xocalı yenidən qurulur. Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılır. Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir. Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır. Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər. Xocalının Təzəbinə kəndində də fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər sürətlənib. Kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb. Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb. Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.

BALLICA, TƏZƏBİNƏ VƏ XANYURDU KƏNDLƏRİNDƏ 327 AİLƏ - 1433 NƏFƏR YAŞAYIR

İşğaldan azad olunmuş torpaqlara "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışından söz açarkən bildirək ki, növbəti köç karvanlarından biri də Xocalı rayonunun Ballıca kəndinə çatıb. Bu mərhələdə Xocalı rayonunun Ballıca kəndinə 17 ailə - 62 nəfər köçürülüb. Xocalıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. "Böyük Qayıdış" Proqramı çərçivəsində bu gün Xocalının kəndlərinə həyat yenidən qayıdır. Artıq Xocalı şəhərində, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində 327 ailə - 1433 nəfər yaşayır.

350-DƏN ÇOX ŞƏXS MƏŞĞULLUQ TƏDBİRLƏRİNƏ CƏLB EDİLİB

Xocalı şəhəri və Xocalının Ballıca kəndinə köçürülmüş sakinlərdən artıq 351 şəxsi məşğulluq tədbirlərinə cəlb edib. Onlardan 333 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 71 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 18 sakin isə peşə kurslarına cəlb edilib. Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Bu ərazilərə köçən sakinlər işlə təmin olunurlar. Xocalı kərpic zavodunun açılışı da görülən işlərin davamıdır. Bu istehsal müəssisəsi rayonun Daşbulaq kəndində inşa olunub. Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə 60 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.

Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir. Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda, enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur.

Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən "Xocalı" gil yatağıdır. Müəssisənin sahəsi bir hektara yaxındır. Bundan əlavə, 6,5 hektar ərazi xammalın saxlanılması üçün ayrılıb. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə təqdim olunan bütün güzəşt və azadolmalardan yararlanacaq. İşğaldan azad edilmiş ərazilərdə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi bu ərazilərimizin iqtisadi potensialının reallaşdırılıması, biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi kimi məsələlərdə çox mühüm rol oynayır. Bu ərazilərimizdə investor və sahibkarlar üçün əlverişli şərait yaradılır. Ümumilikdə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sənayeləşmə siyasəti sistemli və ardıcıl şəkildə aparılır. Bu məsələdə isə texnoloji modernləşmə və innovativ istehsal sahələrinin artırılması əsas prioritetlərdəndir.

Bu gün Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq.

Zümrüd BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
sesqazeti.az

1Mənbələr