AZ

Ağdam sakini: Uşaq ikən çıxdığım kəndimizə indi ailəmlə, övladlarımla qayıtmışam

Ağdam, 29 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonuna keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 29-da daha 60 ailə rayonun Xıdırlı kəndinə qovuşmağın sevincini yaşayıb.

AZƏRTAC-ın bölgə müxbiri növbəti köç çərçivəsində Xıdırlı kəndində qayıdan Mustafayevlər ailəsinin qonağı olub, onlarla söhbət edib.

Ailə başçısı Aqil Mustafayev bildirib ki, müxtəlif yerlərdə məskunlaşıb, çox çətinliklər çəkiblər. İndi isə doğma kəndlərində xoş günləri başlayır: “Xıdırlı kəndində doğulmuşam. Uşaq ikən çıxdığım kəndimizə indi ailəmlə, övladlarımla qayıtmışam. Çox sevinirik. Evimiz üçotaqlıdır, şərait yaxşıdır. Doğma torpaqlara qayıtmaq sevincini bizə yaşadan Prezidentimizə, Ordumuza minnətdarlığımı bildirirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərə şəfa diləyirəm”.

On yaşlı Gülnur da sevinclidir, çünki bundan sonra ata yurdunda yeni tikilmiş evlərində yaşayacaq, yeni məktəbdə təhsil alacaq, özünə dostlar tapacaq. “Atam Xıdırlı kəndi ilə bağlı bizə həmişə danışırdı. Ona görə də mən Xıdırlıya gəlmək, burada yaşamaq istəyirdim. Artıq bu istəyim həyata keçib. Burada uşaqlarla tanış olacam, özümə yeni dostlar tapacam, məktəbə gedəcəm. Buna görə çox sevinirəm”, - deyə Gülnur bildirib.

Qeyd edək ki, birinci mərhələdə Xıdırlı kəndində 719 fərdi ev inşa edilib, zəruri müasir sosial infrastruktur yaradılıb. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib.

Seçilən
1
1
azertag.az

2Mənbələr