AZ

Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı – Qabaqlayıcı tədbirlər məsələsi gündəmə gəldi

Xəbər verildiyi kimi, Bakının mərkəzində yerləşən Mərkəzi Nəbatat Bağında faciəvi hadisə baş verib. 2018-ci il təvəllüdlü 7 yaşlı Ə. Heydərovu ilan sancıb.

Hadisənin məhz Mərkəzi Nəbatat Bağı kimi insanların tez-tez üz tutduğu bir məkanda baş verməsi xüsusilə yay aylarında təhlükəsizlik tədbirlərinin nə dərəcədə yetərli olduğu barədə suallar doğurur.

Mütəxəssislər bildirirlər ki, payız və yay aylarında ilanların aktivliyi artır, bu səbəbdən park və bağlarda daha ciddi profilaktik tədbirlər görülməlidir.

İlin isti aylarında ilanların aktivləşməsi hər kəsə məlum olduğu halda, bu cür məkanlarda qabaqlayıcı tədbirlərin yetərli olub-olmadığı mübahisə doğurur.

Ekspertlərin fikrincə, ilan təhlükəsi yalnız kənd yerlərində deyil, Bakı kimi iri şəhərlərdə də mövcuddur.

Məsələ burasındadır ki, istər Mərkəzi Nəbatat Bağı, istərsə də digər yaşıllıq zolaqlarında ilanlara qarşı dezinfeksiya və monitorinq tədbirləri mütəmadi həyata keçirilməsə, bu cür hadisələr qaçılmazdır. Paytaxtın mərkəzində belə ilan təhlükəsi realdır və məsul qurumlar daha sərt tədbirlər görməlidirlər. Mərkəzi Nəbatat Bağı kimi ərazilər ictimaiyyət üçün təhlükəsiz məkana çevrilməli, ziyarətçilər isə maarifləndirilməlidir.

Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov Musavat.com-a deyib ki, Abşeronda 10 ilan növü var. Onlardan yalnız biri – Levante gürzəsi zəhərlidir.

Abşeronda hansı ilanlar yaşayır və hansılardan qorxmaq lazımdır?
Təvəkkül İsgəndərov bildirib ki, Levante gürzəsi xaric, digər sürünənlər insanlar üçün birbaşa ölümcül təhlükə daşımır, amma sancması, aqressiv davranışı xüsusilə uşaq və yaşlılar üçün təhlükə yarada bilər:

“Boz ilan zərərsizdir, amma qorxunc görünüşü ilə panika yarada bilər. İlanbalığı da zərərsizdir. İlanbaşlı kərtənkələ adında “ilan” olsa da, əslində kərtənkələdir. Kolluq ilanı aqressiv ola bilər, lakin zəhərsizdir”.

T.İsgəndərov deyib ki, hazırda ilanlar yemlənmək, bioloji ehtiyaclarını ödəmək üçün axtarışdadırlar:

“Yay ayları ilanların aktiv şəkildə hərəkətdə olan zamanıdır. Hazırda ilanların fəallaşması qızmar hava, qida ehtiyacları və gizlənəcək yer axtarışı ilə bağlıdır. Yəni onlar bizim həyətimizə düşmənçilik üçün yox, yaşamaq üçün gəlirlər”.

Ekspert vurğulayıb ki, Azərbaycanda ilanları tutmaqla məşğul olan dövlət qurumu yoxdur:

“İnsanların yaşadığı, istirahət etdiyi, ümumiyyətlə insanların olduğu ərazilərə gələn ilanları tutan, onları daha təhlükəsiz əraziyə uzaqlaşdıran qurum yoxdur. Ərazilərin ilanlardan təmizlənməsi üçün dövlətin heç bir mexanizmi yoxdur. İlanları qorxudan dərmanlama işlərini görmək üçün dövlət 1 manat da ayırmır. Özəl qurumlarda fəaliyyət göstərən mütəxəssislər mövcuddur ki, sakinlər ödəniş edərək bu xidmətdən yararlansın.

Tövsiyəm odur ki, ilanla qarşılaşdığınız zaman üzərinə getməyin. İlan onun üzərinə getməyənə heç zaman hücum etmir. Üzərinə karton qutu qoyun, bağlayın və təcrübəli birindən kömək istəyin”.

Azərbaycanda ilanları tutan, zərərsizləşdirən bir qurum yoxdursa, vətəndaşlar nə etməlidir?
Çıxış yolu kimi Hindistanda bu sahə üzrə min illərdir fəaliyyət göstərən peşəkar “ilantutan ailələri”ni göstərmək olar. Bu ailələr zəhərli ilanları sağ-salamat tutmaq, onları ərazidən uzaqlaşdırmaq və ekoloji balansı pozmadan problemi aradan qaldırmaqda təcrübəlidirlər. Və ya Azərbaycanda ilanları tutmaq üçün peşəkar yardım qurumu yaradıla bilər. Bu, həm də yeni bir ixtisas sahəsinin – “urban herpetoloq” xidmətinin formalaşmasına səbəb ola bilər.Musavat.com

Seçilən
8
veteninfo.az

1Mənbələr