ain.az bildirir, Qaynarinfo portalına istinadən.
"Levon Ter-Petrosyan əsas iki qüvvə arasında manevr etməklə əslində qarşıdakı parlament seçkiləri fonunda özü və tərəfdarları üçün bazarlıq etməyi hədəfləyib".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənstanın keçmiş prezidenti Levon Ter-Petrosyan və komandasının son zamanlar baş nazir Nikol Paşinyana qarşı çıxışmasının səbəblərini şərh edərkən deyib.
Taleh Əliyev bildirib ki, Ter-Petrosyan Ermənistandakı siyasi prosesləri dərindən bilən təcrübəli siyasətçidir:
"O bilir ki, hazırda Rusiya ilə Qərb Ermənistandakı öz tərəfdarları vasitəsilə parlament seçkiləri öncəsi çox kəskin seçki prosesinə hazırlaşırlar. Qərbin adamı olan Paşinyan Rusiyanın Ermənistandakı "5-ci kolon" təmsilçiləri, parlament müxalifəti, kilsə və rusiyalı erməni əsilli milyarderlərlə geniş, aramsız mübarizəyə hazırlaşır".
Ekspert qeyd edir ki, Ter-Petrosyan da qarşıdakı seçkilərdə özü və komandası üçün parlamentdə layiqli təmsilçilik yerləri qazanmağa çalışır:
"Ona görə də ilk öncə hazırkı baş nazirə qarşı çıxmaqla əslində komandasını siyasi proseslərə daha aktiv formada hazırlamağı hədəfləyib".
Seçki dövründə isə həmsöhbətimizə görə, Levan Ter-Petrosyan Paşinyanla bazarlığa gedəcək:
"Seçkilərə yaxın sonrakı mərhələdə güman ki, Ter-Petrosyan Paşinyanla bazarlığa gedib, öz partiyasının parlamentdə təmsilçiliyə nail olmasına çalışacaq. Onun Paşinyana qarşı çıxması heç də birmənalı olaraq Rusiyanın adamını dəstəkləməsi anlamına gəlmir. Sadəcə, əsas iki qüvvə arasında manevr etməklə sonda özü və tərəfdarları üçün bazarlıq etməyi hədəfləyir".
Qeyd edək ki, son zamanlar Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hazırkı baş nazir Nikol Paşinyan əleyhinə fikirlər səsləndirməklə diqqət çəkir. Xüsusən də o, Paşinyanın erməni kilsəsinə qarşı hücumlarına öz etirazını bildirib. Halbuki, əslində bu gün Paşinyana qarşı çıxan qüvvələr elə həm də Ter-Petrosyan əleyhinə olan qüvvələrdir.
Onun başçılıq etdiyi Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan isə Paşinyanı Azərbaycanla sülh prosesində əldə etdiyi diplomatik "uğurları” ilə xalqı aldatmaqda davam etdiyini bildirib.
Rüfət Sultan
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.