"ABŞ İran İslam Respublikası ilə qarşıdurmanı davam etdirmək üçün Tehranın nüvə proqramını bəhanə kimi istifadə edir".
"Cebheinfo.az" xəbər verir ki, bunu İranın Ali Lideri Ayətullah Əli Xameneyi bildirib.
“Onların "nüvə məsələsi" adlandırdıqları mövzu uranın zənginləşdirilməsi, insan haqları və bu kimi məsələlər də daxil olmaqla sadəcə bir bəhanədir. Əslində, onların problem yaratdığı məsələ bizim inancımız və ideologiyamızdır”, – deyə Xameneyi bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İran nüvə obyektlərini bərpa etməyə çalışarsa, ölkəsinin yenidən hücum həyata keçirməyə hazır olduğunu bildirmişdi.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. 24 saat keçməmiş Tehran cavab zərbəsi endirib. Doqquz gün sonra, iyunun 22-nə keçən gecə ABŞ qırıcıları üç İran nüvə obyektinə zərbə endirib və bununla faktiki olaraq münaqişəyə daxil olub.
Növbəti axşam Tehran Qətərdə yerləşən və regionun ən böyük ABŞ hərbi bazası olan Əl-Üdeydə raket zərbəsi endirib. ABŞ rəsmilərinin bildirdiyinə görə, hadisə nəticəsində nə insan itkisi, nə də ciddi dağıntı qeydə alınıb. Sonradan ABŞ Prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Razılaşma iyunun 24-də qüvvəyə minib.