AZ

Maaşı istənilən bankdan almaq mümkün olacaq?

“Azərbaycan Mərkəzi Bankı (AMB) əməkhaqqının istənilən bankdan alınması ilə bağlı iş aparır və bu, ilin sonuna qədər mümkün ola bilər”.

Bu barədə AMB-nin sədri Taleh Kazımovun iqtisadçı-ekspertlərlə görüşündə bildirilib.

Üç saatdan artıq davam etmiş görüşdə 13 nəfər iştirak edib, pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyalar, maliyyə sektorunda müşahidə olunan cari tendensiyalar və gələcək planlar ətrafında əhatəli və məzmunlu müzakirələr aparılıb, qurumun hazırladığı yeni maliyyə aləti (hedcinq) və onun iqtisadiyyata mümkün töhfələri barədə iştirakçılara ətraflı məlumat təqdim olunub.

Qeyd edək ki, Mərkəzi Bankda iqtisadçı-ekspertlərlə bir neçə dəfə belə görüşlər təşkil olunub.

Ötən il yayılan məlumata görə pensiyaların istənilən bankdan alınması qaydası tətbiq ediləcəkdi ki, bu reallaşmadı.

Bəs hazırda maaşlarla bağlı bu layihə reallaşacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, ilk dəfə bu məsələni mən iki il əvvəl Mərkəzi Bankın sədri Taleh Kazımovla görüşdə qaldırmışdım:

“Bildirmişdim ki, insanların haqları pozulur, onları məcburən hansısa bankın müştərisi edirlər. O demişdi ki, bu məsələ ilə məşğul olacaq. Bu ilin aprel ayında olan görüşdə isə bildirmişdi ki, tezliklə əməkhaqqı məsələsinə baxılacaq. Pensiya məsələsi də olacaq, ancaq bir qədər sonra gözlənilir. Bugünlərdə olan son görüşdə mən Taleh Kazımovdan soruşdum ki, “bəs bu məsələ nə vaxt reallaşacaq?

O bildirdi ki, “Bu ilin sonuna qədər dövlət qurumlarında ani bir ödəniş sistemi təsis olunacaq və o sistemə hansı banklar qoşulsalar vətəndaş özü seçim imkanına malik olacaq”. Söhbət dövlət qurumlarından gedir. Ölkədə əsas inhisarı dövlət qurumları yaradır. Mərkəzi Bankı niyə bu məsələ narahat edir? Bu, bank sistemində təmərküzləşməyə gətirib.

Əməkhaqqları, pensiya bir neçə böyük bankda verilir. Faktiki olaraq həmin banklar bunun hesabına böyüyürlər, qazanc əldə edirlər. Bu il həmin məsələ öz həllini tapsa, pensiya məsələsinə də baxıla bilər”.

Seçilən
16
cebheinfo.az

1Mənbələr