Hamı polis serjantı Cabbarov Rüfət Adil oğlunun qəhrəmanlığından danışır. Bizim Rüfətdən. "Azərbaycan" nəşriyyatında xidmət edirdi, gülərüz, mehriban, səmimi oğlan idi. Hər kəslə dil tapmağı bacarırdı. Həm xidmət yoldaşları, həm də nəşriyyatın digər işçiləri Rüfətin xətrini çox istəyirdi. Buna görə də Rüfətin göstərdiyi hünər qətiyyən heç kəsi təəccübləndirmədi, çünki o, gözünü qırpmadan hər cür fədakarlığa hazır oğlan idi.
Adama qəribə gələn odur ki, hər gün gördüyün, salamlaşdığın, kəlmə kəsdiyin bir adamı sabah xidməti vəzifəsində görə bilmirsən, eşidirsən ki, o bir qəhrəman kimi həyatını yaxşı ideyalara fəda edib. Bizim Rüfət belə oğuldu.
Bir azyaşlının həyatını xilas etmək üçün öz həyatını qurban verdi qəhrəman polis. Dənizdə batmaq təhlükəsi ilə üzləşən azyaşlını azğın dalğaların əlindən almaq üçün düşünmədən özünü suların qoynuna atan cəsur polisin bu davranışı ətrafdakıları marağa qərq edib. Çox təəssüf ki, Cabbarov Rüfət uşağı xilas etməyə çalışarkən, dalğalar həm onu, həm də uşağı özü ilə apardı. Amansız əcəl polisimizi dənizin qoynunda haqladı.
Rüfətin qəhrəmanlığı cəmiyyətə bir daha göstərdi ki, Azərbaycan polisi yalnız asayişi qorumur, cəmiyyətin təhlükəsizliyinin qarantı kimi çıxış etmir, həm də insan həyatını xilas etmək üçün ölümü belə gözə alır.
Bir polis ana fəryadını eşidər-eşitməz öz sonunu düşünmədən özünü coşğun dənizin ağuşuna ata bilibsə, bir canı qurtarmaq üçün ölümlə pəncələşibsə, onun qəhrəmanlığı xüsusi bir örnəkdir. Bəlkə heç bu, polisin xidməti borcu deyildi, amma o böyük fədakarlıq göstərdi. Cəsur və unudulmaz polis, sən öz qəhrəmanlığınla günümüzə adını yazdın!
Ruhun şad olsun, Rüfət!
İradə SARIYEVA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta