AZ

Aİ Ukraynanı 50 milyard avroluq yardımı kəsməklə hədələyib

Avropa Komissiyası Ukrayna hakimiyyətinə maliyyə yardımının mümkün dayandırılması ilə bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıq, Ukrayna Milli Antikorrupsiya Bürosunun və Xüsusi Antikorrupsiya Prokurorluğunun müstəqilliyinə xələl gətirən yeni qanunla əlaqəlidir.

Operativ Media "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinə istinadən xəbər verir ki, iki səhifəlik bildirişdə qeyd olunur ki, Ukraynaya ayrılması nəzərdə tutulan 50 milyard avroluq maliyyə vəsaiti qanun qüvvəyə minəcəyi təqdirdə dərhal dayandırıla bilər.

Ukrayna hökuməti və Ali Radadakı mənbələr “Ekonomiçeskaya Pravda” (EP) qəzetinə Avropa Komissiyasından bu barədə bildiriş aldıqlarını təsdiqləyiblər. Onların sözlərinə görə, parlamentdə qanunun ləğv olunması üçün kifayət qədər səs toplanmasa, maliyyə yardımları dayandırılacaq. Qəzetin həmsöhbətlərindən biri bildirib:

“Vəziyyət düzələnə qədər hər şey dayandırılıb”. EP-nin mənbəsinin məlumatına əsasən, Aİ nümayəndələri iyulun 31-nə təyin olunan səsvermə nəticəsində deputatların Ukrayna Milli Antikorrupsiya Bürosunun müstəqilliyini tam bərpa edə bilməyəcəyini ehtimal edirlər. Səsvermə nəticəsində qəbul olunacaq qanun layihəsi bu bərpanı natamam şəkildə təmin edə bilər.

Qəzetin digər həmsöhbəti bildirib ki, Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına verilən kreditlər ləğv olunacaq. O, həmçinin əlavə edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Avropa İnvestisiya Bankından maliyyələşmə dayandırılacaq. Bununla yanaşı, “Ekonomiçeskaya Pravda”nın məlumatına görə, “Ukraine Facility” proqramı çərçivəsində ödənişlərin dondurulması gözlənilmir. Bu proqram çərçivəsində Kiyev islahatların həyata keçirilməsindən asılı olaraq makromaliyyə yardımı alır. Əvvəllər Aİ, islahatların uğursuzluğuna baxmayaraq, bu proqram çərçivəsində dördüncü tranşı təsdiqləyib. Həmin müddətdə Ukrayna 4,5 milyard əvəzinə yalnız 3,05 milyard avro alıb.

Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu təxminən on il əvvəl Qərb ölkələrinin təşəbbüsü ilə yaradılıb. Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski korrupsiyaya qarşı mübarizə orqanlarının səlahiyyətlərini məhdudlaşdıran və faktiki olaraq onları Baş Prokurorluğa tabe edən qanunu imzalayıb. Hər iki qurum xəbərdarlıq edib ki, bu qanun onların muxtariyyətini aradan qaldırır. Zelenskinin bu qərarı Ukraynanın bir neçə böyük şəhərində etirazlara səbəb olub. Etirazçılar qanunun ləğvini tələb ediblər. Avropa İttifaqı da qanunla bağlı narahatlığını açıq şəkildə ifadə edib.

Bundan sonra Prezident Zelenski bildirib ki, vətəndaşların fikrinə hörmətlə yanaşır və “insanların nəyisə istəmədiyi zaman reaksiya verməsini” normal hal hesab edir. O, korrupsiyaya qarşı mübarizə orqanlarının müstəqilliyini tam təmin edən yeni qanun layihəsini Ali Radanın müzakirəsinə təqdim edib. Deputatlar bu təşəbbüsü təsdiqləməlidirlər, lakin hazırda Rada avqustun 19-dək məzuniyyətdədir.

Seçilən
17
operativmedia.az

1Mənbələr