AZ

“Apple” Çində ilk dəfə mağazasını bağlayır

“Apple” şirkəti Çində yerləşən ilk pərakəndə mağazasını bağlamaq qərarına gəlib. 

Valyuta.az xəbər verir ki, bu addım şirkətin bu böyük bazarda satışları bərpa etməyə çalışdığı bir vaxtda önəmli geriləmə kimi qiymətləndirilir.

Şirkətin verdiyi məlumata görə, Dalyan şəhərinin Çjunşan rayonundakı "Parkland Mall"da yerləşən mağaza 9 avqust 2025-ci ildə bağlanacaq. 

Səbəb kimi ticarət mərkəzində dəyişən vəziyyət və digər brendlərin çıxışı göstərilib. Hazırda “Apple”ın Çində 56 mağazası var ki, bu da qlobal 530-dan çox mağazasının təxminən 10%-ni təşkil edir.

Şirkət bildirib ki, bağlanacaq mağazanın əməkdaşlarına digər filiallarda iş imkanı yaradılacaq. Dalyanda fəaliyyətini davam etdirəcək ikinci mağaza isə Olympia 66 ticarət mərkəzində yerləşir.
Çin iqtisadiyyatı azalan istehlak və deflyasiya təzyiqləri ilə üzləşir, bu isə “Apple” daxil olmaqla bir sıra şirkətlərin fəaliyyətinə təsir göstərir. Şirkətin Çin satışları 2025-ci ilin ikinci rübündə 2.3% azalaraq 16 milyard dollar olub.

“Apple” yaxın günlərdə Shenzhen şəhərində yeni mağaza açacaq, həmçinin Pekin və Şanxayda yeni satış nöqtələri planlaşdırılır. Qlobal miqyasda isə Osaka, Mayami və Malayziya kimi şəhərlərdə yeni mağazalar artıq istifadəyə verilib.

Bununla belə, şirkət bəzi bölgələrdə fiziki mağazaları bağlamağa və ya köçürməyə qərar verir. Çinlə eyni gündə Bristol (Böyük Britaniya), Miçiqan və Sidney yaxınlığında da mağaza bağlanacaq.

"Parkland Mall"dan yalnız Apple deyil, "Coach", "Sandro", "Hugo Boss" kimi digər tanınmış brendlər də son illərdə çıxıb.

Sərvanə Rəmixanova

Seçilən
5
valyuta.az

1Mənbələr