Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Son zamanlar süni intellektlə hazırlanmış videolar sosial şəbəkələrdə sürətlə yayılır və maraqla izlənilir.
Təəssüf ki, bu videoların arasında etik dəyərləri aşan, söyüş və kobud ifadələrlə dolu olan nümunələr xüsusi ilə diqqət çəkir və daha çox izlənmə toplayır.
Bəs görəsən, insanlar niyə bu cür məzmunlara inanır, onları paylaşır və başqalarına göndərirlər?
Gununsesi.info-ya danışan sosioloq Lalə Mehralının fikrincə bu cür videolara inanmaq və onları daha çox yaymaq insanların media savadlığının zəif, çox aşağı səviyyədə olmasından irəli gəlir:
“İnsanlar media savadlığına sahib olmadıqda, dezinformasiyanı doğru xəbərlərdən, manipulyasiyaedici məlumatları isə yalan və böhtan xarakterli informasiyalardan ayırmaqda çətinlik çəkirlər. Bu səbəbdən də belə halların qarşısını almaq çətinləşir. Odur ki, media savadlığı ilə bağlı tədbirlər gündəmdə saxlanılır və vəziyyətin bu həddə çatmasının əsas səbəbi kimi məhz media savadsızlığı göstərilir.
İnsanlar bu cür məlumatlara inanır, onları paylaşır və başqalarına göndərirlər. Çünki bu məzmunlar onlarda maraq oyadır və nəticədə sosial şəbəkələrin alqoritmləri həmin məlumatları onlara daha çox göstərir. Beləliklə, fərqində olmadan bu tip məzmunlarla daha sıx şəkildə qarşılaşırlar.
Media savadsızlığı səbəbindən insanlar bu cür manipulyativ məlumatların yayılma ehtimalının çox olduğunu düşünmürlər. Onlar elə bilirlər ki, paylaşdıqları görüntülər və informasiyalar doğrudur. Halbuki fərqində deyillər ki, əslində, bu cür xəbərlərlə manipulyasiya olunurlar”.
Sosioloq vurğulayıb ki, dezinformasiyanın geniş yayıldığı, əsassız və yalan xəbərlərin çoxaldığı, süni intellekt vasitəsilə yalan məlumatların sürətlə istehsal olunaraq mediaya ötürüldüyü bir dövrdə oxucuların media savadlığına malik olmamaları qəbuledilməzdir:
“İnsanlar məcburdurlar ki, media savadlılığını qazansınlar. Əks halda, həm manipulyasiyaya məruz qalacaq, həm də dezinformasiya yağışına tutulacaqlar. Nəticədə, feyk xəbərlərin təsiri altında qalaraq, doğru və yalan xəbərlər arasındakı fərqi itirəcəklər.
Belə vəziyyətdə onlar həm yanlış yönləndiriləcək, həm də əsl, doğru informasiyadan uzaq qalacaqlar. Bu isə manipulyasiya edənlərin, süni intellektdən istifadə edərək cəmiyyətin baxışını yanlış istiqamətə yönləndirmək istəyənlərin təsiri altında qalmasına səbəb olacaq. Media savadlılığı olmayan cəmiyyəti istənilən formada manipulyasiya etmək mümkündür. Başqa sözlə, onlara hər cür təsir göstərərək, gerçək xəbərlərdən uzaqlaşdıra bilərlər.
Amma xəbərin həqiqətini bilən, manipulyasiyaya uğramayan, dezinformasiyanın nə olduğunu anlayan və süni intellektlə insan səsinin, hətta görüntüsünün belə dəyişdirilə biləcəyi barədə məlumatı olan insanlar bu cür xəbərlərin təsirinə düşmürlər. Çünki onlar artıq media savadlığına malikdirlər”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.