AZ

Saxta videoları necə müəyyən edək? — Ekspertdən AÇIQLAMA

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb. Bu barədə MEDİA-dan məlumat verilib. Bildirilib ki, müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir. 

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, “deep fake” texnologiyası ilə dövlət xadimlərinin adından yayılan saxta video və açıqlamalar informasiya təhlükəsizliyi, milli təhlükəsizlik və ictimai rəyi manipulyasiya baxımından ciddi risklər yaradır:

“Bu kimi halların qarşısının alınması üçün, bəzi addımlar zəruridir. “Deep fake” texnologiyası ilə saxta məlumat yayılması ilə hüquqi mübarizə daimi olmalıdır. Bu sahəyə dair müvafiq cinayət və inzibati məsuliyyət normaları gücləndirilməlidir. Süni intellektə əsaslanan “deepfake detection” sistemləri ilə saxta videoların aşkarlanması avtomatlaşdırıla bilər. Facebook, YouTube, TikTok və s. platformalarla əməkdaşlıq edərək saxta və manipulyativ məzmunun yayılmasının qarşısını almaq üçün “fact-check” sistemləri və filtrasiya mexanizmləri tətbiq olunmalıdır. Kiber məkanın daim izlənməsi üçün milli səviyyədə monitorinq və erkən xəbərdarlıq sistemlərini daimi inkişafda saxlamaq zəruridir”. 

Ekspert bildirib ki, vətəndaşlara “deep fake” texnologiyasının riskləri barədə maarifləndirici videolar, posterlər və sosial media paylaşımları ilə çağırışlar edilməlidir:

“Xüsusilə məktəblərdə və universitetlərdə media və informasiya savadlılığı tədris olunmalı, gənc nəslin saxta xəbərləri ayırd etmə bacarığı artırılmalıdır. Rəsmi şəxslərin və dövlət qurumlarının sosial media hesabları operativ və şəffaf fəaliyyət göstərməli, saxta məlumatlara dərhal reaksiya verilməlidir. 

UNESCO, ITU, Europol və digər qurumlarla əməkdaşlıq edərək qlobal texnoloji təhlükələrlə birgə mübarizə aparmaq lazımdır. Qonşu ölkələrlə kibertəhlükəsizlik sahəsində informasiya mübadiləsi və birgə fəaliyyət planları işlənib hazırlana bilər”.


Leyla Turan
Demokrat.az
Seçilən
14
1
demokrat.az

2Mənbələr