Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Gəncənin girişində magistral yolun kənarları ilə quraşdırılan şəhidlərin plakatlarının söküntüsünə başlanılıb. Bu məsələ hələ bir neçə ay gündəmə gəlmişdi, o zaman ciddi narazılıqla qarşılanmışdı. Həmin zaman yerli icra hakimiyyəti məsələni gündəmdən çıxarsa da, iyulun 28-dən söküntüyə start verilib.
Yaranan suala cavab tapmaq üçün Gəncə şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.
İcra Hakimiyyətindən Gununsesi.info-nun soröusuna cavab olaraq bildirilib ki, şəhid ailələri tərəfindən quraşdırılmış plakatlar onların özləri tərəfindən və ya iştirakı ilə sökülərək götürülüb:
“Bakı–Qazax avtomagistralının 343,2-ci kilometrliyində “Azəravtoyol” ASC tərəfindən təmir-tikinti işlərinə başlanılıb. Aparılan işlər çərçivəsində magistral yolda yerləşən yolayırıcı arakəsmələr söküldüyündən, həmin arakəsmələrə bərkidilmiş şəhid plakatlarının da götürülməsi zərurəti yaranıb. Bu səbəbdən, şəhid ailələri tərəfindən quraşdırılmış plakatlar onların özləri tərəfindən və ya iştirakı ilə sökülərək götürülüb”.
O da bildirilib ki, Gəncə şəhərinin bir çox yerlərində şəhidlərimizin şəkilləri vurulub:
“Bildiririk ki, Gəncə şəhərinin bir neçə ərazisində şəhidlərimizin əziz xatirəsinin yaşadılması məqsədilə müvafiq işlər görülüb. Belə ki, Gəncə şəhərinin Şəhidlər xiyabanının giriş hissəsində qəhrəmanlarımızın şəkillərinin yer aldığı lövhə quraşdırılıb. Gülüstan yaşayış massivindəki “İstiqlal” parkında Gəncə Memorial Bulaq Abidə Kompleksi inşa edilib. “İmamzadə” dini ziyarətgah kompleksində yerləşən “İmam Hüseyn” meydanının divar hissəsinə şəhidlərimizin mərmər üzərində həkk olunmuş şəkilləri vurulub”.
Həmçinin vurğulanıb ki, İlham Əliyev tərəfindən təməli qoyulan Gəncə Memorial Kompleksinin inşası davam etdirilir:
“Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Gencesehidleri.az” saytı istifadəyə verilib, “Vətən müharibəsi: Gəncə şəhidləri” və “44 günlük Zəfər tarixinin Gəncə şəhidləri” adlı kitablar nəşr olunub.
Əlavə olaraq bildiririk ki, 30 yanvar 2022-ci tarixində möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən təməli qoyulan Gəncə Memorial Kompleksinin inşası davam etdirilir. Eyni zamanda gələcəkdə Gəncə şəhərinin Heydər Əliyev adına Mərkəzi Meydanında quraşdırılacaq yeni monitor vasitəsilə Gəncə şəhidlərinin şəkillərinin slayd şəklində nümayiş etdirilməsi nəzərdə tutulur”.
Günel Həsənova
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.