Temperaturun yüksəlməsi nəticəsində son zamanlar hərəkətdə olan avtomobillərin alışıb-yanması faktı artıb.
İddialara görə, xüsusən istehsal ili köhnə olan avtomobillərin yanacaq çəninə gedən borularda quruma baş verdiyindən avtomobilin alışma riski yaranır. Dünya təcrübəsində Koreya istehsalı olan “Hyundai”, “KİA”, “Geely” markalı avtomobillərdə alovlanma hadisəsinə daha çox rast gəlinir.
Bəs avtomobillərin alışmasının əsl səbəbi nədir?
Məsələ ilə bağlı Teleqraf-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, təkcə istehsal ili köhnə olan yox, yeni avtomobillərdə bu hal gerçəkləşə bilər.
Ekspertin sözlərinə görə, köhnə illərdə istehsal olunan avtomobillərdə qopmuş naqillərdə qısaqapanma da alışmaya gətirib çıxarır. Mühərrik hissəsində müəyyən detalların qızması, yanacağın və ya digər mayelərin sızaraq səsboğucuya düşməsi də alovlanmaya səbəb ola bilər.
E.Cəfərov qeyd edib ki, havanın temperaturunun yüksəlməsi avtomobillərdə alışma ehtimalını artırır: “Qızmar havalarda, 40 dərəcə istidə uzaq yola çıxan və ya saatlarla tıxacda qalan köhnə avtomobildə alışma riski daha çoxdur. Avtomobildə qısaqapanmanın kiçik qığılcım yaranmasını sürücü hiss edib görməyə bilər. Bu baxımdan sürücülər daha diqqətli olmalıdır. Alovlanma baş verirsə, hər hansı bir tüstü və ya qoxu gəlirsə, avtomobili yolun kənarında saxlayıb mühərriki söndürmək lazımdır”.
Ekspert xüsusən yeni avtomobillərin salonunda quraşdırılan işıq və siqnal cihazlarının təhlükəyə yol açdığını qeyd edib. Onunfikrincə, bütün növ avtomobillərdə belə alışmalar ola bilər: “Bahalı avtomobillərdə də alışma hadisəsi baş verə bilər. Buna hər hansı zəmanət yoxdur. Avtomobildə istehsalçının nəzərdə tutmadığı cihazlar qurulursa, sonradan quraşdırılan kənar detallar avtomobilə uyğun gəlmirsə, onda belə risklər daha çoxalır. Bu səbəbdən kənar detallardan istifadədən çəkinmək lazımdır”.