AZ

KAAN-a yerli mühərrikin inteqrasiyası üçün təqvim müəyyənləşdi: Hədəf 2032

Türkiyənin müdafiə sənayesi sahəsindəki ən strateji layihələrindən biri olan Milli Döyüş Təyyarəsi KAAN-ın inkişaf fəaliyyəti davam etdiyi müddətdə təyyarənin “ürəyi” sayılan mühərrikin milliləşdirilməsinə dair təqvim də müəyyənləşib.

TUSAŞ Jurnalının 141-ci sayında yer alan məlumata görə, “TUSAŞ Motor Sənayesi” (TEI) tərəfindən inkişaf etdirilən və Türkiyənin bu günə qədər istehsal etdiyi ən yüksək hərəkət gücünə sahib olması hədəflənən yerli və milli turbofan mühərriki TF35000-in ilk sınaqlarının 2026-cı ildə həyata keçirilməsi, KAAN platformasına inteqrasiyasının isə 2032-ci ildən etibarən başlaması planlaşdırılır.

Beşinci nəsil qırıcı: KAAN

Beşinci nəsil döyüş təyyarəsi imkanları ilə təchiz edilən KAAN yüksək manevr qabiliyyəti, aşağı radar görünməsi, süni zəka dəstəkli avionik sistemləri və şəbəkə mərkəzli müharibə kimi üstün xüsusiyyətləri ilə diqqət çəkir.

Türkiyə Hava Qüvvələri Komandanlığının inventarında yer alan və 2030-cu illərdən etibarən mərhələli şəkildə istismardan çıxarılması planlaşdırılan F-16 təyyarələrinin yerini alması məqsədilə başlanan layihə 5 avqust 2016-cı ildə Müdafiə Sənayesi Komitəsi (MSK) ilə Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) arasında imzalanan müqavilə ilə rəsmi olaraq başlamışdı.

Layihə çərçivəsində əhəmiyyətli bir mərhələ olan ilk prototipin istehsalı və montaj işlərinin tamamlanmasından sonra KAAN 21 fevral 2024-cü ildə ilk uçuşunu uğurla həyata keçirmişdi. Bu tarixi uçuşda 13 dəqiqə havada qalan milli qırıcı 2.4 kilometr yüksəkliyə və 230 knot sürətə çatmışdı. İnkişaf və sınaq işləri çərçivəsində ikinci uçuşunu 6 may 2024-cü ildə reallaşdıran KAAN bu sınaqda isə 14 dəqiqə boyunca 3 kilometr yüksəklikdə və 230 knot sürətlə uçmuşdu.

Güc vahidi: TF35000 mühərriki

Layihənin ən kritik hissələrindən biri olan güc vahidi məsələsində isə bütün diqqətlər TEI-nin həyata keçirdiyi TF35000 mühərrik layihəsinə yönəlib. TUSAŞ-ın rəsmi nəşrində bu barədə verilən açıqlama məsələyə aydınlıq gətirir: “TEI tərəfindən inkişaf etdirilən, Türkiyənin ən yüksək hərəkət gücünə sahib yerli və milli turbofan mühərriki TF35000-in ilkin sınaqlarının 2026-cı ildə keçirilməsi və KAAN-a inteqrasiyasının 2032-ci ildən etibarən həyata keçirilməsi planlaşdırılır”.

Bu açıqlama KAAN-ın ilk prototiplərinin hazırda xaricdən təmin edilən mühərriklərlə sınaq işlərini davam etdirəcəyini, lakin seriyalı istehsal və son konfiqurasiyada yerli güc vahidinin istifadə edilməsinin hədəfləndiyini təsdiqləyir.

Hava üstünlüyündə yeni dövr

KAAN layihəsinin əsas məqsədi “yeni silahlarla artırılmış “hava-hava” döyüş məsafəsi, yüksək/supersəs sürətlə daxili silah bölmələrindən dəqiq və tam zərbə, süni zəka və neyron şəbəkə dəstəyi ilə artırılmış döyüş gücü” vasitəsilə hava üstünlüyünü təmin etməkdir. TF35000 mühərrikinin inkişaf və inteqrasiya prosesinin planlandığı kimi irəliləməsi bu hədəflərə çatmaq və Türkiyənin aviasiya texnologiyalarında tam müstəqillik əldə etməsi baxımından həyati əhəmiyyət daşıyır.

Sevinc Əliyeva
Ordu.az

Seçilən
10
herbiand.az

1Mənbələr