AZ

“İcbari tibbi sığorta hesabına şişönü xəstəliklərin erkən diaqnostikası qarşılanır” AÇIQLAMA

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, ölkədə hər il orta hesabla 10 min nəfərə yaxın insan xərçəng xəstəliyindən əziyyət çəkir. Xəstəlikdən əziyyət çəkənlərin sayı isə 70 000 nəfərə yaxındır. Amma bu xəstəliyin müalicəsini,əməliyyatını icbari tibbi sığortaya daxil etmirlər.

Qeyri-rəsmi statistika yəqin ki, bundan çoxdur. İnsanlar xəstəliyi müalicə etməkdə çətinlik çəkir. Çünki maddi durumları azdır. Bu xəstəliklər də baha başa gəldiyi üçün, vətəndaşların ciblərinə uyğun deyil. Bəzən müalicəni davam edə bilmirlər. Məcbur olub borc da götürürlər. Xüsusən bölgələrdə yaşayan insanların maddi  durumu çox zəifdir.

Nə üçün əsas xərc aparan kimyaterapiyalar, əməliyyatlar -icbari tibbi sığortaya daxil deyil? Səbəb nədir? İrəlidə olacaqmı? Gözlənilirmi belə bir addım?

 Yaranan suallara cavab tapmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (İTSDA) sorğu ünvanladıq.

Qurumdan Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirildi ki,onkoloji xəstələrə tibbi yardım müvafiq dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir:

“Onkoloji yardım haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım müvafiq dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Sözügedən qanuna uyğun olaraq onkoloji xəstələrin Səhiyyə Nazirliyinin tabeliyindəki  dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir”.

Qurum icbari tibbi sığorta hesabına şişönü xəstəliklərin erkən diaqnostikası qarşılanır:

“Məlumat üçün bildirək ki, icbari tibbi sığorta hesabına şişönü xəstəliklərin erkən diaqnostikası qarşılanır. Bu tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutu və mərkəzində göstərilir. Sözügedən xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Xəstəliyin erkən mərhələdə aşkarlanması məqsədilə ultrasəs müayinə, mamaoqrafiya, biopsiyaların olunması, onkomarkerlərin yoxlanması,  Pap testi (uşaqlıq boynundan yaxmanın götürülməsi və mikroskopiyası), rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya və digər müayinələr  aparılır. Müayinələr xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Habelə, bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı da icbari tibbi sığorta ilə qarşılanır.

Hazırda onkoloji xəstəliklərin Xidmətlər Zərfinə daxil edilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aidiyyəti qurumlarla müzakirələr aparır. Onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət təhlil edilir. Tibbi statistik məlumatlar analiz edilir. Xidmətin maliyyə yükü proqnozlaşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin potensialı öyrənilir və xidmətin göstərilməsi imkanları araşdırılır”. 

Günel Həsənova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
icma.az

1Mənbələr