AZ

Hicablılar danışdılar - Biri var məni bir naməhrəm görsün, biri də var min naməhrəm...

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan qadınlarının istər yaşlı, istər orta, istərsə də gənc qismi hicab geyinməyə üstünlük verir və bunu vacib sayırlar. Hətta kiçik qız balalarımızın da bir çoxunu hicab geyimində görürük… Olsun! Düşünək ki, mahiyyətini anlamasa da, böyüyəndə gerçək mənbələrdən məlumatlar əldə edib, geyiminə bir daha nəzər salacaq. Bu yazıda məqsədimiz nə hicab geyinənlərə qarşı çıxmaqdır, nə də onlara qarşı çıxanlara irad bildirməkdir. Demokratik bir ölkənin vtəndaşları olaraq, hər kəsin dini yanaşmasına hörmətlə yanaşırıq. Sadəcə olaraq, uzun illərdir davamlı müzakirələrə çıxarılan, bəzən mübahisələrə yol açan hicab, örtünmə kimi hallara hazırki münasibətə nəzər salmaq istədik.

Sualımız belədir: Şəxsiyyət vəsiqəsində baş örtüksüzdürsə, baş örtüsü ilə gəzmək nəyə lazımdır?

“Vəsiqədə saçımın görünməsi məni narahat etmir”

Xırdalan şəhər 7 saylı tam orta məktəbin müəllimi Əfqanə Əliyevanın Hafta.az-a danışdıqları:

- Mən o hər şeyi günaha yazan, atdığı hər addımı günah adı altında qadına qadağa edən, qadını daim bir neçə addım geridə görən “din xadimlərinin” təbliğ etdiyi İslam dinini tanımıram. Heç əsl islam dini haqqında geniş məlumatım var da deyə bilmərəm. Amma Allahın insanı sevdiyinə və qoyduğu qaydaların maksimum dərəcədə insanın rahat yaşamasına xidmət etdiyinə sonsuz güvənirəm. Ona görə də bəzi din xadimlərinin hədislərdən sitatına və hansısa günah kimi təqdim etdiyi qaydalara deyil, sırf Quran ilə bildirilmiş və insana VACİB buyurulmuş heç nəyi sorğulamıram. Bu da namaz, oruc, hicab və bu kimi şeylərdir. Çünki, dediyim kimi, bunların insan üçün mütləq nəsə faydalı olduğuna əminəm.

Zaman-zaman elm və psixologiya da Quran ayələrinin doğruluğunu sübut edir. Bu baxımdan, hicab mənə görə, “vay saçımdan bir tel göründü, günaha batdım” kimi cılız bir əməl deyil. Hicab, qadınları, eləcə də kişiləri nəfsinə uyub günaha girməkdən çəkindirmək üçündür.

Bir xatırlatma verim: Hələ hicab geyinmədiyim vaxtlar idi, bir psixoloqla söhbətimiz zamanı mənə dedi ki, əgər kişi yellənib qalxan bir ətək və onun altında iki ayaq görəndə o qadına qarşı cinsi istək ağlından keçmirsə, o kişiyə normal kişi demək olmaz. Yəni kişilər yaradılış olaraq hər 7 saniyədən bir seks düşünən varlıqlardır. Beyin quruluşları, yaradılışları belədir. Və “bu hər kişi üçün belə deyil” demə, ən mədənisindən ən oxumuşuna qədər hamısı üçün keçərlidir. Bir deyim var, deyir qadınlar eşitdiklərinə inanır, kişilər gördüklərinə. Ona görə də qadınlar həmişə bəzənir, kişilər də həmişə yalan danışır, deməli hər ikisi bir-birini aldadır. Fikirləşirəm ki, Allah qadın və kişi xislətini bildiyi üçün əxlaqsızlıq baş alıb getməsin deyə, insan üçün belə bir qayda seçib. Yəbi, insan öz nəfsinə sahib çıxmağı çox da çətinləşdirməmək adına. Bu baxımdan, şəxsiyyət vəsiqəsində şəkildə başımın açıq olması, saçımın görünməsi açığı məni elə də narahat etmir. Hələ indiyə qədər heç bir qurumda şəxsiyyət vəsiqəsini təqdim edərkən "aaa.. bu qadının burda başı açıqdır, saçına baxım" kimi münasibətlə qarşılaşmamışam. Əksinə, sanki həya edərək heç şəklə baxmırlar, ya fin koda, ya da seriya nömrəsinə baxıb qaytarırlar. Hə, o ayrı məsələdir ki, insanların əqidəsinə hörmətsizlik edilməsindən çox narahatam.

“Günah bununla bağlı Qanunun boynundadır”

Bağça müəlliməsi Sevda Teymurova isə Hafta.az-ın sorğusuna cavab olaraq bunları dedi:

- Başımı örtməyə Allah və dini inancım məni məcbur edir. Şəxsiyyət vəsiqəsinə başıaçıq şəkil çəkdirməyə isə dövlət məcbur edir. Odur ki, hicablı olduğumz halda vəsiqədə saçımızın görünməsinin günahı bununla bağlı qanunun boynundadır.

Mən də sual verirəm ki, niyə başıaçıq şəkil çəkdirməliyəm! O şəxsiyyət vəsiqəsində saçımın görünmsi nə əhəmiyyət kəsb edir?!

“Gündə min adamın məni başıaçıq görməsi qat-qat günaha batırar”

Sayt admini Günay Azimqızı da Hafta.az-a bildirdi ki, baş örtüsü Allahın əmridir:

- Bu əmrə əməl etməsəm günahdır, axirətdə sorğu-sualı, cəzası var, buna inanıram. Bilirik ki, müsəlman ölkələrində qadınlara şəxsiyyət vəsiqəsi üşün hicabla şəkil çəkdirməyə icazə verilir. Amma bizdə müsəlman ölkəsi olsaq da icazə verilmir. Səbəbini bilmirəm.

Mən özlüyümdə çalışıram şəxsiyyət vəsiqəmi naməhrəmlərə göstərməyim. Düzdür, bəzən dövlət qurumlarında sənədləşmə işlərində məcbur qalıb vəsiqəmi göstərməli oluram. Nə etmək olar. Amma mən istəmərəm belə olsun. Bacardığım qədər hicab geyiminə riayət etməyə çalışıram, Allah görür.

Konkret “şəxsiyyət vəsiqəsində baş örtüksüzdürsə, baş örtüsü ilə gəzmək nəyə lazımdır” sualına gəlincə, mənə görə, əhəmiyyəti odur ki, biri var məni bir naməhrəm kişi görsün, biri də var min kişi. Hər gün min adamın məni başıaçıq görməsi məni qat-qat günaha batırar.

“Bürünmək, hətta üzü də bağlamaq, qara geyinmək dinin tələbi deyil”

Dinşünas Tural İrfan Hafta.az-a bildirdi ki, İslam dinində ənənəvi qaydaya görə qadınlar əl, ayaq və üz xaric örtünməlidirlər, lakin… Dinşünasın söylədikləri:

- Qurana görə o dövrdə qadınlar adətə görə onsuz da başlarını örtürdülər. Sadəcə, zinət əşyalarını boyunlarında görən mənfi niyyətli adamlar pis niyyətlərə düşməsinlər deyə zinətlərinin üstünü örtmək buyurulur. "Nur" surəsi, 31-ci ayədə deyilir: - "Mömin qadınlara de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar - görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar..." Həmçinin "Əhzab" surəsi, 59-cu ayədə buyurulur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir." Buradan aydın olur ki, o dövrdə qadınların örtünməsi onları narahat edənlərə, əziyyət verənlərə görə idi. Çarşab, örtük tanınmaq üçün lazım idi. Necə ki, ayədə "bu onların tanınması və əziyyət verilməməsi üçün münasibdir" deyə qeyd olunur. Örtük bir növ kübarlıq və zadəganlıq əlaməti kimi təsvir olunur. Rəvayətlərə görə hətta o dövrdə belə bütün qadınlar başını örtmürdü. Cariyələr başı açıq olurdu. Bu da onların tanınması üçün idi. Hətta başını örtən cariyələrin başlarını açması üçün səy göstərən səhabələrdən bəhs olunur mənbələrdə. Nəticə odur ki, örtünmək qadınların azadlığının əlindən alınması üçün yox, əksinə təhlükəsizliyi, üstün məqamı və tanınması üçün nəzərdə tutulub. Yerə, məmləkətə uyğun davranılmalıdır. Ola bilsin elə yerlər var ki, orada qadın başı açıq, zinətlərinin göründüyü şəkildə bayıra çıxarsa orada ona təhlükə yaranar. Qurana görə bu zaman o örtünməlidir ki, təhlükəni uzaqlaşdırsın. Yox, elə müasir və sivil yerlər olar ki, orada qadın üçün heç bir təcavüz, təhlükə ehtimalı olmaz, orada təbii ki, ənənəvi həya sərhədlərini gözləməklə müasir geyinə bilər. Sənəd üçün çəkilən şəkillərdə başın açıq olması tələbi varsa bu da təbiidir. Qanuna tabe olmaq da vacibdir. Bütün bürünmək, hətta üzü də bağlamaq, xüsusən də qara geyinmək dinin tələbi deyil. Sadəcə normal, abırlı geyinmək kifayət edir. Başqalarını günaha sövq edəcək həddə geyinməyi din qəbul etmir. Fərq etməz, kişi yaxud qadın.

Seçilən
5
hafta.az

1Mənbələr