AZ

İsveç hökuməti Stokholmda keçirilən danışıqlarda iştirak edir

Stokholm, 29 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

Stokholmda ABŞ ilə Çin arasında davam edən ticarət danışıqları fonunda İsveç hökuməti hər iki ölkənin nümayəndələri ilə ayrıca görüşlər keçirir.

AZƏRTAC xəbər verir ki, İsveçin bir neçə naziri, o cümlədən Baş nazir Ulf Kristersson Çin Dövlət Şurası Baş nazirinin müavini Hi Lifenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

İsveçin Baş naziri vurğulayıb ki, onun ölkəsi qlobal ticarətə böyük əhəmiyyət verir və beynəlxalq ticarət sisteminin dayanıqlı olmasına dair şübhələrə baxmayaraq, onu dəstəkləməyə çalışır. O əlavə edib: “Biz müzakirələrin dəqiq detallarını açıqlamırıq, amma tamamilə aydındır ki, söhbət qlobal ticari münasibətlərin İsveç üçün əhəmiyyətindən gedir”.

İsveç Vaşinqton ilə Pekin arasında aparılan danışıqlarda birbaşa iştirak etməsə də, hökumət effektiv dialoq üçün fəal şərait yaradır. U.Kristerssonun sözlərinə görə, İsveç bu görüşün təşkili üçün xeyli səy göstərib, lakin onun nəticələrinə görə məsuliyyət daşımır.

Tərəflər avqustun 12-də başa çatacaq cari 90 günlük tarif pauzasının uzadılması imkanlarını müzakirə edirlər. Stokholmda keçirilən görüş son üç ayda üçüncü olub.

İsveçin maliyyə naziri Elizabet Svantesson da danışıqlarda irəliləyişin və mümkün sıçrayışın olacağına ümid etdiyini bildirib. O qeyd edib ki, Avropa İttifaqı ilə ABŞ arasında bu yaxınlarda əldə olunmuş saziş bu razılaşmanın əldə olunmasına töhfə verə bilər.

 

Seçilən
1
azertag.az

1Mənbələr