AZ

Azyaşlıların işləməsi qanunla necə tənzimlənir? - Yaş, iş saatı, məhdudiyyətlər

Artıq məktəblər yay tətilinə çıxıb. Bu dövrdə tez-tez müşahidə olunur ki, məktəbli uşaqlar müxtəlif sahələrdə işləyərək yay tətilini bu şəkildə keçirmək məcburiyyətində qalırlar. Nəzərə alsaq ki, sözügedən uşaqların bir çoxu hələ yetkinlik yaşına çatmayıb, belə bir sual ortaya çıxır ki, azyaşlıların işləməsinə Azərbaycan qanunvericiliyində hansı şərtlərlə icazə verilir və onların əmək hüquqları necə tənzimlənir?

AzEdu.az-a mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Babək Umudov açıqlama verib.

O qeyd edib ki, qanunvericiliyimiz 15 yaşına çatmayan azyaşlıların əmək fəaliyyəti ilə məşğul olmasına isə ümumiyyətlə icazə vermir

"Azərbaycan Respublikası qanunveriiliyi müəyyən şərtlər daxilində yetkinlik yaşına çatmayan şəxslərə, yəni 18 yaşı olmayan uşaqlara işləməyə icazə verir. Əmək Məcəlləsinə əsasən əmək fəaliyyəti ilə məşğul olmağın yaş həddi 15-dir. Belə ki, 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Ancaq bu şəxslər məhdud hüquq fəaliyyət qabiliyyətli olduğu üçün onların əmək fəaliyyəti ilə məşğul olmalarına yalnızca valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır".

16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır

"Uşaqların əmək hüquqları digər yetkinlik yaşına çatmış şəxslərin hüquqları kimi qanunla tam şəkildə mühafizə olunur.Bununla belə, Əmək Məcəlləsində uşaqların əməyinə münasibətdə bir sıra güzəştlər və imtiyazlar, habelə müəyyən məhdudiyyətlər təsbit edilmişdir. Belə ki, 16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır. Buna baxmayaraq yaşı 18-dən az olan şəxslərin əməyi yetkinlik yaşına çatmış şəxslərin əməyi kimi tam ödənilməlidir.

Yaşı 18-dən az olan işçiləri gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. Axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir.

Bundan əlavə, yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır. Yaşı 18-dən az olan işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır".

Yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz

"Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır. Yaşı 18-dən az olan işçilər tərəfindən iş yerində ağırlıqların qaldırılmasında məhdudiyyət qoyulan işlər Əmək Məcəlləsinin 251-ci maddəsində ətraflı göstərilir.

O cümlədən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz".

İnzibati Xətalar Məcəlləsinin 192.9-cu maddəsinə əsasən işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 10000 manatdan 13000 manatadək məbləğdə cərimə edilir

"Qanunvericiliyimiz 15 yaşına çatmayan azyaşlıların əmək fəaliyyəti ilə məşğul olmasına isə ümumiyyətlə icazə vermir. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə əsasən işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Bundan başqa uşaqların məcburi əməyə cəlb edilməsi cinayət hesab edilir və Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsinə görə, hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Seçilən
1
azedu.az

1Mənbələr