AZ

“Qarabağ” - “Şelburn” matçına görə gücləndirilmiş iş rejimi

İyulun 30-da “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İrlandiyanın “Şelburn” komandasını qəbul edəcək.

Arena.az xəbər verir ki, bu oyunla əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

“Bakı Metropoliteni”ndən verilən məlumata görə, oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.

“Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin arena istiqamətində yönləndirilmələri, səmti düzgün müəyyən etmələri, həmçinin təhlükəsiz və rahat daşınmaları üçün əlavə tədbirlər görüləcək.

Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı Metropoliteninin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmləri gücləndiriləcək. Stansiyada əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.

Nəzarət tədbirləri “Nərimanov” və “28 May” stansiyalarında da nəzərdə tutulur.

Metropoliten xətlərində qatarlar hərəkətini yay qrafikinə uyğun davam etdirəcək. Lakin xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Xatırladaq ki, “Qarabağ” – “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Bu komandalar arasında İrlandiyada keçirilmiş ilk oyun Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
0
40
arena.az

10Mənbələr