Demokrat.az məsələ ilə bağlı vəkil Mehman Muradlının fikirlərini öyrənib.

O bildirib ki, Şəhərsalma və Arxitektura Komitəsi belə bir arayış tələb edibsə, bu, tam qanunsuzdur:
“Bakı şəhər İcra Hakimiyyətinin Kooperativlər İdarəsi SSRİ vaxtından yaradılmış idarədir. O vaxt ayrı-ayrı müəssisələr özləri kooperativlər yaradıb, binalar tikirdilər. O idarənin funksiyası ondan ibarətdir. Amma bu gün sözügedən idarənin faktiki funksiyası yoxdur.
Yığıblar ora boş-bekar adamları, guya işləyirlər. Amma nə işlə məşğul olurlar, heç özləri də bilmirlər. Deməli, nə iş görürlər? Tutaq ki, sakinlər İcra Hakimiyyətinə şikayət göndərirlər, o şikayət yönəldilir Kooperativlər İdarəsinə. İdarə də göndərir yerli icra hakimiyyətinə, orada şikayətə baxılır və s. Bu cür işlərlə məşğul olurlar.
Qaldı ki, Şəhərsalma və Arxitektura Komitəsinin tələb etdiyi arayış məsələsinə, bu, tam qanunsuzdur. Bu qurumun işi istismara qəbul olunmuş binaların uçotunu aparmaqdır. Binalar sistemə daxil olduqdan sonra ötürülür reyestr xidmətinə. Qanunvericiliyin tələbinə görə, reyestr xidməti və komitə bu məsələdə birgə fəaliyyət göstərməlidir.
Əgər FHN-dən binanın istismara uyğun olması ilə bağlı sənəd varsa, bu artıq kifayət edir ki, Şəhərsalma və Arxitektura Komitəsi binanı reyestrə ötürsün.
Daha sonra vətəndaşlar ümumi yığıncağın protokolunu, maliyyə arayışını və eskiz layihəni reyestrə təqdim edir. Reyestr xidməti bir daha mənzildə yoxlanış aparır. Hər şey tam qaydasındadırsa, vətəndaş normal qaydada rüsumunu ödəyərək çıxarışını ala bilir”.
Qeyd edək ki, vətəndaşların üzləşdiyi bu problemlə bağlı müvafiq qurumlara sorğu ünvanlamışıq.
Cavidan Mirzəzadə