AZ

Ev heyvanlarını təraş edərkən nələri bilməliyik? -

Yay aylarında havaların isinməsi ilə ev heyvanlarına qulluq məsələsi daha da önəm qazanır. Xüsusilə it və pişik sahibləri bu dövrdə evcil dostlarını təraş etdirməyin vacibliyi və ya zərərli olub-olmaması ilə bağlı tərəddüd yaşayırlar. Bu isə bir çox sual və yanlış yanaşmanı gündəmə gətirir. Heyvan bərbəri (“Pet groomer”), “Mahipaws”ın təsisçisi Məhluqə Tağıyeva Metbuat.az-a müsahibəsində tüklü dostlarımızla bağlı suallara aydınlıq gətirib. – İnsanlar ev heyvanlarını niyə təraş etdirirlər?Əsas səbəblərdən biri tüklərin tökülməsidir, xüsusilə pişiklərdə. Amma heyvan sahibləri başa düşməlidirlər ki, tük tökülməsi bir çox faktordan qaynaqlanır: keyfiyyətsiz qidalanma (burada qiymət yox, tərkib əsasdır), az ət tərkibli yem, taxıllı qidalar, kimyəvi qatqılar, vitamin çatışmazlığı, cütləşmə ehtiyacının ödənilməməsi, stress və ya parazitlər. Yəni yalnız qırxım bu problemi həll edə bilməz. Əvvəlcə tük tökülməsinin səbəbi araşdırılmalı və bu səbəb aradan qaldırılmalıdır. Təəssüf ki, bəzi sahiblər ya bilmədikləri, ya da buna vaxt ayırmaq istəmədikləri üçün qırxıma üstünlük verirlər. Eyni zamanda baxımı axsadıqları üçün də tez-tez qırxırlar – “bir-iki ay qulağım dinc olacaq” düşüncəsi ilə. Halbuki heyvan sahibləri onların ehtiyaclarını bilməli və qarşılamalıdırlar. Öz saçımız töküləndə necə ki dərhal qırxmırıq, heyvanların da tükləri töküləndə səbəbini tapmalı və düzgün şəkildə müdaxilə etməliyik. Bəzən tük tökülməsi mövsümi də ola bilər.– İsti havalarda ev heyvanını mütləq təraş etdirməliyik?Bu sualın cavabı heyvanın növündən, cinsindən, sağlamlıq vəziyyətindən, hətta yaşadığı iqlim şəraitindən asılı olaraq dəyişir. Ev heyvanlarının tükləri yalnız gözəllik məqsədi daşımır. Tük örtüyü onları istidən, günəşdən, parazitlərdən, həşəratlardan, hətta allergik təsirlərdən belə qoruyur. Xüsusilə bəzi it və pişik cinslərində tük örtüyü təbii bir izolyasiya rolunu oynayır. Yəni yayda bu tüklər isti havadan, qışda isə soyuqdan qoruyan bir sipərdir. – Heyvan təraşı hansı hallarda zərərlidir?Yanlış və ya çox qısa təraş olunmuş ev heyvanlarında biz daha tez-tez dəri yanıqları, xüsusilə də açıq rəngli və nazik dərili heyvanlarda günvurma, istilik iflici, dermatit, stress və davranış dəyişiklikləri müşahidə edirik. Amma bu, o demək deyil ki, heyvan heç vaxt təraş edilməməlidir. Xüsusi hallar olduqda təraş tövsiyə oluna bilər. Məsələn, tüklər həddindən artıq dolaşıbsa, düyünləşibsə, dəri xəstəliyi varsa və ya yaraların müalicəsi üçün həmin ərazi açılmalıdırsa, xarici parazitlər (birə, gənə və s.) varsa, heyvan narahatlıq hiss edirsə və ya xroniki allergik reaksiyalarda dəriyə hava çatması üçün təraş məsləhət görülə bilər.– Azərbaycanda bu məsələdə hansı səhvlərə yol verilir?Azərbaycanda həm heyvan sahiblərinin, həm də bəzi heyvan bərbərlərinin məsuliyyətsizliyi ilə bağlı olaraq, əksər hallarda ikiqat tüklü heyvanlar təraş olunur. Halbuki bu tip heyvanlarda (məsələn, xaski, qolden retriver, alman çoban iti, şotland və britan pişikləri və s.) alt və üst qat olmaqla iki qat tük örtüyü olur və bu örtük həm soyuqdan, həm də istidən qoruyur. Onların təraşı zamanı bu təbii termorequlyasiya sistemi pozulur. Qısa tüklü heyvanlarda isə ümumiyyətlə təraşa ehtiyac olmur, fırçalama və təmizləmə kifayət edir. Azərbaycanda xüsusilə pudel cins itlər çoxdur. Qıvırcıq tüklü olduqları üçün onlara müntəzəm təraş tövsiyə edilir. Çünki tükləri uzun olduqda baxımı çətinləşir, heyvan özünü narahat hiss edə bilər. Ancaq burada nəzərdə tutulan təraş qətiyyən çox qısa olmamalıdır. Təəssüf ki, bəzi heyvan sahibləri pişikləri və ya itləri 2-3 mm-lik buraxıb qırxdırırlar ki, bu da zərərlidir. Pişik evdə ola bilər, amma it gündəlik gəzintiyə çıxır və bu zaman dərisi gün yanıqlarına, zərərli xarici təsirlərə, parazitlərə və yaralanmalara məruz qala bilər.– Təraşdan dördayaqlı dostlarımıza xəstəlik keçə bilər?Bəli, əfsuslar olsun ki, Azərbaycanda çox yayılmış pomeranian cinsli itlər var və bu cinsin maşınka ilə təraşı zamanı ciddi dəri problemləri baş verir. Alopesiya, yəni keçəlləşmə problemi yaranır, dəridə qaralma və tüklərin quruluşunda dəyişiklik müşahidə olunur. Bu, bəzən birinci təraşda baş verməyə bilər, amma bu, növbəti dəfə baş verməyəcək demək deyil. Mən alopesiya xəstəliyi ilə məşğul oluram – həm bahalı, həm də uzunmüddətli müalicə tələb olunur. Heç bir mütəxəssis də tam əminliklə sağalacağını deyə bilməz. Pomeranianlara tətbiq edilən “boo təraş” deyilən bir təraş növü var ki, bu da olduqca zərərlidir. Heyvan bərbərləri bu təraşı çox vaxt müştəri istəyi ilə edirlər və etik qaydalara əməl etmirlər. “Müştəriyə yox deyə bilmərik” prinsipi ilə hərəkət edirlər. Əslində isə müştəri maarifləndirilməlidir. Müştəri bu təraşın zərərli olduğunu bilsə və edə biləcək bir mütəxəssis tapmasa, bu prosesi etdirməyəcək. Ancaq heyvan bərbərləri bu fürsəti yaradaraq heyvanın sağlamlığını ikinci plana atırlar. “Boo təraş”, yəni “şirin ayıcıq görüntüsü” adı ilə heyvanın tükləri ciddi şəkildə qısaldılır və nəticədə tük quruluşu pozulur, keçəlləşmə başlayır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
14
1
metbuat.az

2Mənbələr