ain.az, Sfera.az saytına istinadən bildirir.
İsrailin mərkəzində yerləşən “Tinshmet” mağarasında aparılan arxeoloji qazıntılar zamanı ən azı 100 000 il əvvələ aid insan qalıqları tapılıb. Bu kəşf dünyanın ən qədim dəfn məkanı kimi qiymətləndirilir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, mağarada iki bütöv skelet, üç kəllə sümüyü və müxtəlif insan sümükləri aşkarlanıb.
Tədqiqatçılar bildirirlər ki, qalıqlar xüsusi qazılmış məzarlara yerləşdirilib. Qəbrin ətrafında 500-dən çox bazalt daşı, heyvan sümükləri və qırmızı-turuncu piqmentlər tapılıb. Bu əşyaların gündəlik istifadə üçün nəzərdə tutulmadığı, rituallar zamanı istifadə edildiyi güman olunur. Kəşf, dəfn mərasimlərinin və dəfn rituallarının ən azı 100 000 il əvvəl mövcud olduğunu göstərir.
Alimlər bildirirlər ki, bu, “Homo sapiens” və “Neandertalabənzər” insanabənzərlərin bir dövrdə yaşadığını və sosial davranışlarının formalaşmağa başladığını sübut edir. Qazıntılara rəhbərlik edən Qüds İvrit Universitetinin arxeologiya professoru Yossi Zaidner bunu “növümüz üçün inqilabi yenilik” adlandıraraq bildirib:
“Bu, insanların ilk dəfə dəfn mədəniyyəti və simvolik düşüncə formalaşdırdığı dövrə işarə edir”.
Araşdırmalar göstərir ki, tapılan əşyalar uzaq bölgələrdən gətirilib və onların rituallarda istifadə olunması erkən insan toplumlarında ruhani inancların formalaşdığını göstərir. Amerikalı arxeoloq və "Smithsonian" İnstitutunun tədqiqatçısı Kristian Tryon isə qeyd edib ki, bu kəşf insanın ölü ilə münasibətində mühüm bir dönüş nöqtəsidir:
“Tinshemet mağarasındakı tapıntılar, İsrailin şimalındakı Skhul və Qafzeh mağaralarında əvvəllər aşkarlanan dəfn izlərini də dəstəkləyir”.
Tədqiqatın nəticələri “Nature Human Behavior” elmi jurnalında dərc olunub.
Bəsti Rəfizadə
Sfera.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.