ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza ilə bağlı danışıqlarda HƏMAS razılaşmaya yanaşmır və bölgədəki proseslərə İranın təsiri nəzərə çarpır.
O əlavə edib ki, İran HƏMAS-a İsraillə razılaşmamaq üçün təzyiq edir.
İran fələstin məsələsinə müdaxiləsi davam edərsə İsrail və ABŞ İrana yenidən zərbələr endirə bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli son günlərdə İran ilə ABŞ arasında münasibətlərin yenidən gərginləşdiyini deyib.
Politoloqun sözlərinə görə, bunun bir çox səbəbi olsa da, əsas iki amil ön plana çıxır:
“Birinci səbəb İranın nüvə proqramı ilə bağlı danışıqlara maraq göstərməməsidir. Hazırda Tehran iki fərqli istiqamətdə açıqlamalar verir. Birincisi, İran rəsmiləri bildirirlər ki, 12 günlük müharibədən və ABŞ-nin hava hücumlarından sonra öz nüvə obyektlərini qorumağı bacarıblar. İkinci mövqe isə ondan ibarətdir ki, İran uranın zənginləşdirilməsi məsələsində suveren hüquqlara sahibdir və bunu yalnız humanitar məqsədlərlə davam etdirmək niyyətindədir. Bu ikili açıqlamalar Vaşinqtonda ciddi narazılıq yaradır. Hətta ABŞ prezidenti son çıxışında vurğulayıb ki, İrandan gələn xoşagəlməz siqnallar səbəbilə yeni hərbi zərbələr gündəmə gələ bilər. Buna görə də ABŞ tərəfi ehtimal edir ki, növbəti mərhələdə İrana qarşı hərbi əməliyyatların aparılması zərurətə çevriləcək”.
E.Xalidbəyli hesab edir ki, İranla ABŞ arasında gərginliyin ikinci istiqaməti Tehranın HƏMAS-a münasibətdə əvvəlki mövqeyini davam etdirməsidir.
O bildirib ki, Ağ Evə yaxın mənbələrin iddiasına görə, İran HƏMAS-ı sülh danışıqlarından yayınmağa sövq edir:
“Beləliklə, HƏMAS ilə İsrail arasında atəşkəsin və ya sülh razılaşmasının əldə olunmaması üçün rəsmi Tehran prosesə müdaxilə edir. Bu cür məlumatlar ABŞ-də ciddi narahatlıq doğurur və Ağ Evdə qıcıqlanma yaradır. Vəziyyətin bu şəkildə davam etməsi olduqca təhlükəli görünür. Böyük ehtimalla, əgər bu kurs dəyişməsə, ABŞ həm HƏMAS-ı təzyiq altına almağa, həm də İrana qarşı yeni addımlar atmağa hazırlaşacaq. Lakin bunun genişmiqyaslı müharibə, yoxsa qısamüddətli hərbi əməliyyat şəklində olacağını indidən söyləmək çətindir. Digər ehtimal isə ABŞ-nin sanksiyaları daha da sərtləşdirməsi və İrana müxtəlif formalarda təzyiqlərin artırılmasıdır”.
Fidan Hacızadə
Sfera.az