AZ

“Azərpoçt”un xalis mənfəəti azalaraq 5 mln. manata düşüb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC 2024-cü ili 5.03 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 9.3 faiz azalma deməkdir.

Banker.az dövlət şirkətinin illik maliyyə hesabatına istinadən xəbər verir ki, keçən il poçt xidmətlərindən əldə olunan gəlir 22.81 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 0.7 faiz artımdır. Maliyyə xidmətlərindən gəlir 14.52 mln. manat təşkil edib, digər xidmətlər üzrə gəlir isə 12.24 mln. manat olub. Bu da müvafiq olaraq 1.7 faiz azalma və 27.2 faiz artımdır.

Əməliyyat xərcləri 38.64 mln. manata yüksəlib – bu da 26.1 faiz çoxalma deməkdir. Ümumi və inzibati xərclər 27.37 mln. manat (2.9 faiz artım), köhnəlmə və amortizasiya xərcləri isə 5.03 mln. manat (14.5 faiz artım) olub.

Bu ilin 1 yanvar tarixinə “Azərpoçt”un aktivləri 773.53 mln. manat olub – bu da illik müqayisədə 27.9 faiz artım deməkdir. Öhdəlikləri 30 faiz artaraq 711.58 mln. manata, balans kapitalı isə 8.8 faiz artaraq 61.95 mln. manata çatıb.

Xatırladaq ki, “Azərpoçt” 2009-cu ildə yaradılıb və ölkənin yeganə milli poçt operatorudur. Şirkətin nizamnamə kapitalı 73.36 mln. manatdır.

Seçilən
3
banker.az

1Mənbələr