AZ

Həsən Məmmədovun qızı: "Qardaşım Fuad Poladovun qəbrinin yanında dəfn olunacaq"

BAKI, 28 iyul. TELEQRAF

Mərhum Xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov 57 yaşında qaraciyər sirrozundan vəfat edib.

Bu barədə Teleqraf-a mərhum Xalq artisti Həsən Məmmədovun yaxın dostu, tanınmış aktyor Rafiq Əzimov məlumat verib.

“Həsən Məmmədovun qızı ilə danışdım. Əvəz ötən gün günorta saatlarında dünyasını dəyişib. Uzun müddətdir xəstə idi, müalicə olunurdu. Fövqəladə Hallar Nazirliyində çalışıb. Onun həyat yoldaşı da bir müddət əvvəl vəfat edib. Əvəz Məmmədov bu gün Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.

Hazırda şəhərdə deyiləm. Onun ölüm xəbəri məni dərindən sarsıtdı. Qızı bildirdi ki, qardaşım mərhum Xalq artisti Fuad Poladovun qəbrinin yaxınlığında dəfn olunacaq”,- Rafiq Əzimov qeyd edib.

O, Həsən Məmmədovla dostluğundan da söz açıb:

“Ailəsi ilə birlikdə evimizdə olublar. Həsənlə tez-tez İçərişəhərdə görüşərdik. "Yeddi oğul istərəm" və bir çox filmlərdə birgə rol almışıq. Kino tariximizə nəzər salsaq, onun qədər filmlərdə baş rollarda çəkilən aktyor az olar. Həsənin bir oğlu və bir qızı vardı".

Qeyd edək ki, əsl adı Əbdülhəsən olan Xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədov 22 noyabr 1938-ci ildə Salyanda anadan olub.

26 avqust 2003-cü ildə 64 yaşında Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr