Daxiliyanma mühərrikli nəqliyyat vasitələrinə və hətta elektrikli avtomobillərə alternativ kimi təqdim olunan hidrogen, əslində olduqca iqtisadi, praktik və istifadəyə yararlı yanacaq növüdür. Lakin bütün bu üstünlüklərinə baxmayaraq, hidrogen texnologiyası geniş yayılmaqda uğur qazana bilmədi. Bəs bunun səbəbləri nələrdir?
Valyuta.az xəbər verir ki, hidrogen kainatda ən çox rast gəlinən kimyəvi element olsa da, təmiz və istifadəyə hazır formada əldə edilməsi asan deyil. Bu isə hidrogenlə işləyən avtomobillərin gələcəyini təhlükə altına salır. Ən azı indiki mərhələdə...
Hidrogendən neft və təbii qaz kimi istifadə edə bilmək üçün onu sənaye üsulu ilə istehsal etmək lazımdır. Problem ondadır ki, bu istehsal prosesi həm çətin, həm də karbon emissiyasına səbəb olur. Əslində, elektrikli avtomobillərin istehsalı da ciddi karbon izi buraxır, lakin populyarlıq yarışında elektrikli nəqliyyat vasitələri artıq üstünlük əldə edib. Hidrogenlə işləyən avtomobillər isə yavaş-yavaş geri çəkilmək məcburiyyətində qalır.
Hidrogenin təhlükəsiz şəkildə saxlanması və daşınması üçün yetərli infrastrukturun olmaması, istifadəsini ciddi şəkildə məhdudlaşdırır. Bu tip avtomobillər üçün lazım olan yanacaq doldurma məntəqələri olduqca azdır və belə məntəqələrin qurulması milyonlarla dollara başa gəlir.
Bundan əlavə, hidrogen qazı aşağı alışma enerjisi və yüksək yanıcılığı səbəbilə partlayış riski daşıyır. Qazın saxlandığı metal borular isə zamanla qırılaraq əlavə təhlükə yarada bilər.
Hidrogenin enerjiyə çevrilməsi prosesi də onun lehinə deyil. İlk olaraq elektrik istehsal edilməli, daha sonra bu elektriklə su elektroliz olunaraq hidrogen ayrılmalı, sonra bu qaz sıxılmalı və ya mayeləşdirilməli və nəhayət, yanacaq hüceyrəsində təkrar elektrikə çevrilməlidir. Bu proseslərin ümumi enerji itkisi 60–70%-ə qədər yüksəlir.
Əvəzində, batareyalı elektrikli avtomobillərdə elektrik birbaşa istifadə olunur və bu da 80–95% səmərəlilik verir. Bu səbəbdən elektrikli avtomobillər texnoloji və iqtisadi baxımdan daha üstün mövqedədir.
Bununla belə, daha təmiz, təhlükəsiz və səmərəli hidrogen istehsal üsulları üzərində tədqiqatlar davam edir. Bu sahədə uğur əldə olunarsa, təkcə avtomobillər deyil, təyyarələr və hətta kosmik gəmilər də hidrogenlə işləyə bilər.
Ancaq o vaxta qədər insanlıq hələ ki, litium-ion batareyaları ilə işləyən elektrikli nəqliyyat vasitələrinə möhtac görünür.
Paşa Məmmədli