AZ

İnsan homoseksualdırsa, onun səbəbi anadır - Seksoloqla MÜSAHİBƏ

Son illərdə həm dünyada, həm də Azərbaycanda eyni cinslər arasında münasibət mövzusu getdikcə daha çox gündəmə gəlir. İnsan hüquqları və fərdi seçim kontekstində bu məsələni müzakirə etməyə ehtiyac olduğu halda, bir çox ailələrdə narahatlıq doğuran suallar yaranır: “Bu meyillər doğuşdanmı gəlir, yoxsa sonradanmı yaranır?”, “Uşaqlarda belə meyillər erkən yaşda necə aşkar olunur?”, “Bunun qarşısını almaq mümkündürmü?” 


Sfera.az-ın əməkdaşı bu suallara cavab tapmaq üçün klinik psixoloq, seksoloq Təhmasib Cavadzadə ilə söhbətləşib.

 

Həmin müsahibəni təqdim edirik:


- Təhmasib bəy, cinsi oriyentasiya doğuşdan gəlir, yoxsa sonradan formalaşır?


- Cinsi oriyentasiya ilə bağlı müxtəlif elmi mülahizələr mövcuddur. Klassik homoseksualları ayrıca kateqoriyada araşdırırıq, çünki tədqiqatların əksəriyyəti məhz onlarla bağlıdır. Araşdırmalara baxmayaraq cinsi oriyentasiya dəyişikliyinin nə ilə bağlı olduğunu dəqiq demək mümkün deyil. Yəni, biz deyə bilmərik ki, bu dəyişiklik doğuşdandır, hər hansı hormonal pozuntunun nəticəsidir, yoxsa sonradan qazanılıb. 

 

Cinsi oriyentasiya ilə bağlı mövcud olan mülahizələr arasında ən güclüsü ondan ibarətdir ki, homoseksuallıq doğuşdan və genetik faktorlardan irəli gəlib. 
Genetikanı isə ana daşıyır, ata yox. Əgər bir uşaq doğuşdan homoseksualdırsa onun səbəbi anadır, ata deyil. 

 

Təkyumurtalı əkizlər üzərində aparılan tədqiqatlardan da aydın olub ki, homoseksuallıq daha çox genetikdir. Çünki 100 cüt əkizdən 54-nin bir tayında homoseksuallıq varsa, o biri tayında da var. İki yumurtalıların 7 faizi, bacı qardaşların isə, yəni ayrı-ayrı vaxtlarda doğulan işaqların isə 12-14 faizi homoseksual olur. 
İkinci mülahizəyə görə, cəmiyyət daxilində insanlar homoseksualları gördükdə, onlarla təmaslar olduqca bu meyillər yayılır. Lakin bu mülayizə elmi cəhətdən çöküb. Çünki homoseksuallıq oriyentasiyadır, kimdəsə görüb həvəsə gəlib “mən də homoseksual olacam” demək deyil.  

 


- Bəs, transseksual?


- Transseksual oriyentasiya deyil. O cinsi kimlik probleminə aiddir. Transseksuallar əməlliyatdan sonra, cinsiyyətlərini dəyişdikdən sonra sağalmış şəxslərdir. Bəziləri düşünür ki, fərqli oriyentasiya infeksion xəstəlik kimidir. Yəni, sən cəmiyyətdə, məsələn, homoseksual görürsənsə, o sənə keçəcək. Elə bir şey yoxdur. 


Təcrübə, qeydə alınan faktlar da göstərir ki, homoseksuallığı və ya digərini cəmiyyətlə əlaqələndirmək yanlışdır. Avropa və Amerikada homoseksuallara ailə qurub uşaq götürməyə icazə verilir. Daha sonra onların böyütdükləri uşaqlar, yəni iki oğlan və ya iki qızın ailəsində böyüyən uşaqların üzərində tədqiqatlar apararkən müşahidə edirlər ki, həmin uşaqların oriyentasiyası hetereoseksualdır. Yəni, uşaqların valideynlərinin oriyentasiyası uşağa təsir etməyib. Uşağın əsl kimliyi dəyişməyib. Uşağın geni hetereoseksual olduğu üçün o, bu ailədə böyüsə də dəyişmir. Ona görə də cəmiyyətlə əlaqələndirmək fikri artıq elmi əsasını itirib. Statistikaya görə hər cəmiyətin 12 faizi homoseksualdır, 7-8 faizi lezbiyandır, 17 faizi isə biseksualdır. Bu, hər ölkəyə aiddir.


 
- Bir çox valideyn deyir ki, “uşaq belə doğulmayıb, televiziyadan, telefondan pozulub”. Onda bu fikir yanlışdır?


- Bu, məsuliyyəti televiziyanın və telefonun üzərinə atmaqdan başqa bir şey deyil. Necə ki, insanlar öz səhvlərini şeytanın üstünə atırlar, bu da onun kimi bir yanaşmadır. Mən elə hallarla qarşılaşıram ki, insanın etdiyini şeytan belə düşünməz. Əgər bir uşağın cinsi oriyentasiyası doğuşdandırsa, telefon, televiziya və ya internet bunu dəyişmir. Amma bəli, bu mühitdə yetərincə maarifləndirmə olmadığı üçün cinsi kimlik və ya oriyentasiya məsələlərində çoxlu yanlış yanaşmalar formalaşır.

 


 
- Oğlan uşağının erkən yaşdan qadınlar arasında böyüməsi, atasızlıq, ya da erkən yaşda zorakılıq yaşaması onun gələcəkdə digər cinsə maraq göstərməsinə səbəb ola bilərmi?


- Bu, cinsi oriyentasiyaya təsir etməz, ancaq uşağın davranış xüsusiyyətlərinə təsir edə bilər. Məsələn, bir oğlan uşağı bütün günü anası ilə qadın məclislərindədirsə, qadın davranışlarını mənimsəyə bilər. Bu, onun hərəkətlərində feminənlik yarada bilər, lakin bu demək deyil ki, o, homoseksual olacaq. Eyni şəkildə, bir qız uşağı oğlanlar arasında böyüyərsə, davranışları daha maskulin ola bilər. Amma bu da onun lezbiyan olacağı anlamına gəlmir.


 
- Narahat olan valideynlər və ya şəxslər seksoloqa müraciət etməlidirmi?

 

- Əlbəttə, amma əvvəlcə problemi olan şəxslərin özü müraciət etməlidir. Əslində indi də insanlar seksoloqlara müraciət edirlər, amma anonim şəkildə, gizli yazaraq. 15-16 yaşında gənclər cinsi əlaqə, mastürbasiya haqqında suallar verirlər. Amma valideynə deməyə çəkinirlər. Bizdə hələ də seksoloqa müraciət “pozğunluq” kimi qəbul edilir. Halbuki bu sahə maarifləndirmək üçündür.


 
- Bəzən valideynlər “uşağım belə olsa, nə edərəm?” deyə narahat olurlar. Bu halda nə məsləhət görürsünüz?


- Qəbul etməkdən başqa çarə yoxdur. Psixologiya bu məsələyə izah verir, amma tibb verə bilmir. Cinsi oriyentasiya xəstəlik deyil. Bəzən valideynlər uşaqlarını həkimə aparırlar ki, “testosteronunu artıraq, kişi olsun”. Halbuki homoseksual uşağın testosteron səviyyəsi bəzən çox yüksək olur. Və əgər əlavə testosteron verilərsə, nəticədə o, kişilərə qarşı daha güclü istək hiss edə bilər. Bu, çox təhlükəlidir. Hormonal müdaxilə ciddi nəticələr doğura bilər. Əgər hormon düşübsə, qaldırmaq olar. Dərmanla, süni olaraq yox. Kişinin cinsi ehtirasını artıran nədir? Testesteron. Və həkim həmin şəxsin testesteronunu artırdıqda nə baş verəcək? Onun cinsi istəyi daha da artacaq və o daha çox kişilərdən xoşlanmağa başlayacaq. Ona görə valideynlər belə olduqda hormon testləri etmədən heç bir süni hormon yükləməsi etməməlidirlər. 


Lezbiyanlarda isə fərqlidir. Fərdin biri maskulin formada olur, digər şəxs isə daha feminen olur. 

 

 
- Müsahibələrinizin birində qeyd etmişdiniz ki, iki yetkinlik yaşına çatmayan şəxsi otaqda tək buraxmaq olmaz. Bunun səbəbi nədir?


- Fərqi yoxdur, biri yetkinlik yaşına çatmış olsun, digəri isə olmasın və ya iksi də yetkinlik yaşına çatmağa yaxın olsun. Onları bir otaqda tək baş-başa qoymaq düzgün deyil. 


Biri 11, digəri 15 yaşında belə olsa, qohum da olsalar, tək qalmaq olmaz. Uşaqlar yetkinlik yaşına çatmadan etdiyi hərəkətin məsuliyyətini tam dərk etmir. Mənim təcrübəmdə olub ki, bacı-qardaş, əmiuşağı arasında cinsi davranışlar baş verib və bu, uzun müddət gizlədilib. Daha sonra bu travmalar uşağın şəxsiyyətində ciddi problemlərə səbəb olub. Ən pisi odur ki, çox vaxt qurban sonradan təcavüzkara çevrilir.


 
- Bunu travma adlandırmaq olar?


- Travma da olar, psixoloqlar çox şeyi travma adlandırmağı xoşalayırlar, amma mən hər şeyi travmaya bağlamıram, bu, təcrübədir artıq. Qurban olan şəxs də bir şeyi təcrübə etmiş olur və o, yaşadığı şeyin əvəzini çıxmaq istəyir. Pedofillər insanlara birbaşa təcavüz etmir. Onlar şirin dillə qurbanını tələyə salmağa çalışır. Xüsusilə məktəblərdə və ya bağçalarda öz qurbanlarını axtarırlar. Pedofillərin şərti odur ki, onun qurbanı ən azı ondan 5 yaş kiçik olmalıdır və yetkinlik yaşından kiçik olmalıdır. Məsələn, pedofilin 20 yaşı varsa qurbanının 15 yaşı olmalıdır. 15 yaşındakı uşaq böyüyüb 18-19 yaşına çatanda o, pedofilin gözündən düşür və pedofil başqa bir azyaşlı axtarır. 


 
- Bəzən orta məktəblərdə müəllimlər cinsəllik mövzusunda maarifləndirmədən qaçır? Bu, düzgündürmü?


- Bu, çox böyük problemdir. Bəzi müəllimlər dərsliklərdə olan fizioloji mövzuları “ayıb” hesab etdikləri üçün keçmirlər. Halbuki bu mövzular sadəcə insan anatomiyasıdır. İndi internetlə hər şeyə çıxış var. 14 yaşlı uşaq telefonda böyük insanların baxmağa utandığı görüntülərə baxır. Valideynlər düşünür ki, bu haqda danışsaq, uşaq pozular. Əslində nəzarətsiz telefon və internet uşaq üçün daha böyük təhlükədir.


 
- Onda valideynlərin dediyi “uşaq bu cür doğulmayıb, televiziyadan, telefondan belə olub” fikri düzgündür?


- Valideynlər düşünürlər ki, əgər mən bundan danışıramsa, uşağım pozulacaq. Əgər sənin uşağının 18 yaşı yoxdursa, “Tiktok”a necə baxır? Niyə nəzarət etmirsən? Mən görürəm ki, uşağın 5 yaşı var, əlində telefon “Tiktok”a baxır. Bəzi valideynlər özləri nəzarət etmir, təməli düzgün qoymurlar, sonra şikayət edirlər ki, uşağımızı telefon pozdu. 
 

 


- Cəmiyyətdə bu mövzularda danışmaq “əxlaqsızlığın təbliği” kimi də qəbul edilir. Bu düzgün yanaşmadırmı?


- Maarifləndirmə ilə əxlaqsızlıq eyni şey deyil. Mən “Tiktok”da videolar paylaşanda çox adam yazır ki, “bu nə abırsızlıqdır?” Amma videolarda nə təhqir var, nə də qeyri-etik bir söz. Sadəcə maarifləndirmədir. Vətəndaş sual verir ki, “Cəmiyyəti pozursunuz, polis hara baxır?”. Polis isə yazır ki, bu etik çərçivədə olan maarifləndirici materialdır. Əgər bu mövzular danışılmasa, insanlar haradan düzgün məlumat alacaq? Biz sadəcə maarifləndiririk, əxlaqsızlığı isə insanlar özü edir.


 
- Uşağın gələcəkdə homoseksual olub-olmayacağını testlə müəyyənləşdirmək mümkündürmü?


- Xeyr. Elə bir test yoxdur. Elə bir şey olsa idi böyük insanları da rahatlıqla yoxlamaq olardı ki, bu homoseksualdır, lezbiyandır, yoxsa transseksualdır.


 
- “Şüuraltı terapiya”, “meditasiya” ilə bu meyilləri “müalicə etdiklərini” iddia edənlər var. Bunların elmi əsası varmı?


- Xeyr, bunlar elmi cəhətdən əsaslandırılmış terapiyalar deyil. Koqnitiv terapiya, psixoanaliz, geştalt terapiyası kimi metodlar elmi qəbul olunmuş üsullardır. Amma teta-healinq, şüuraltı kodlama, hipnoz və s. - bunlar sadəcə manipulyasiyadır. İnsana “sağaldın” deyirlər, amma cinsi oriyentasiya xəstəlik deyil axı. Akademik psixologiyada hipnozdan istifadə edilmir. Lakin bizdə təəssüf ki, onu yayırlar, təbliğ edirlər. Onlar manipulyasiya edərək inandırmağa çalışırlar ki, insanı sağaldıb. Nəyi sağaldırsan? O, xəstə deyil axı. 


 
Bəsti Rəfizadə
Sfera.az

 

Seçilən
0
2
sfera.az

3Mənbələr