AZ

Xaricdən avtomobil gətirmək istəyənlərin NƏZƏRİNƏ

Hazırda xaricdən avtomobil gətirmək xidməti adı ilə bəzi vətəndaşların aldadıldığı məlum olub. Bəzi şəxslər və ya şirkətlər bu xidmətləri təklif edir, vətəndaşlardan öncədən pul alırlar. Amma nəticədə ya avtomobil gətirilmir, ya da vəd edilən şərtlərlə uyğun gəlmir. Belə halların qarşısını almaq üçün vətəndaşlar nəyə diqqət etməlidirlər? Xaricdən avtomobil gətirmək istəyən şəxs və ya şirkətin etibarlı olub-olmadığını necə yoxlamaq olar? Ümumiyyətlə, bu cür xidmətlərə güvənmək olarmı, yoxsa risk çoxdur?
 
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Moderator.az-a açıqlamasında bildirib ki, son zamanlar xaricdən avtomobil gətirilməsi ilə bağlı aldadılma hallarına tez-tez rast gəlinir. Onun sözlərinə görə, bu cür xidmətlər təklif edən bəzi şəxslər və ya şirkətlər vətəndaşlardan əvvəlcədən pul alır, lakin sonradan ya avtomobili gətirmirlər, ya da vəd edilən şərtlərə uyğun olmayan avtomobil təqdim edirlər:
“Belə hallarla tez-tez qarşılaşırıq. Sosial şəbəkələrdə bu xidmətləri reklam edənlərə inanan vətəndaşlar əvvəlcədən pul ödəyirlər. Tanıdığım şəxslər də var ki, bu yolla avtomobil sifariş ediblər, amma nəqliyyat vasitəsi gec gəlib çıxıb, ya da istədikləri keyfiyyətdə olmayıb. Hətta elə hallar olur ki, avtomobil yolda zədələnir, texniki problemlərlə üzləşir. Avtomobilin yüklənməsi və boşaldılması zamanı da gecikmələr yaşanır”.
 
Ekspert əlavə edir ki, bəzi şirkətlər bu prosesi faktiki olaraq vətəndaşların pulları hesabına icra edir:
“Bu şirkətlərin çoxu əslində müştərilərdən aldığı ilkin ödənişlə öz biznesini qurur, özlərinə qazanc əldə edirlər. Düzdür, avtomobilin gətirilməsi ilə məşğul olan şirkətlərin içində etibarlıları da var və onlar maşını vaxtında çatdırırlar. Amma aldadılan və sonra pulunu geri ala bilməyən müştərilər də az deyil. Bu isə çox ciddi problemdir”.
 
A. Nəbiyev vətəndaşlara belə hallardan qorunmaq üçün daha təhlükəsiz alternativlərə üstünlük verməyi tövsiyə edir:
“Ən sağlam yol budur ki, hazırda ölkə daxilində satışda olan avtomobillərə üstünlük verilsin. Çünki istənilən halda xaricdən maşın gətirənlər də bunun üzərinə müəyyən faiz qoyaraq qazanc götürürlər. Yəni bu xidmət kommersiya məqsədi daşıyır və əlavə riskləri də var”.
Hazırda Koreya və ABŞ-dan avtomobil gətirən bəzi şirkətlər avtomobilləri ölkəyə gətirib, salonlarda nümayiş etdirirlər. Bu zaman vətəndaş avtomobili gözünün qabağında görür, yoxlayır və ya nağd, ya da lizinq yolu ilə ala bilir. Bu üsul daha təhlükəsiz və etibarlı seçimdir.
Hazırda elə şirkətlər var ki, avtomobili gətirib salonunda saxlayır. Yaxınlaşırsan, baxırsan, bəyənirsən, həm nağd, həm də lizinqlə ala bilirsən. Gözünün qabağında pul verirsən, nə aldığına əmin olursan. Amma xaricdən birbaşa sifariş edilən avtomobillər bir qədər ucuz təklif olunduğuna görə insanlar bu variantı daha sərfəli hesab edib riskə gedirlər. Məhz bu da bir çox hallarda avtomobilin gecikməsi və ya ümumiyyətlə gəlib çıxmaması ilə nəticələnir”.
 
Ekspert vətəndaşlara belə hallarda aşağıdakı məqamlara xüsusi diqqət etməyi tövsiyə edir:
“Əgər kimdənsə avtomobil sifariş verirsinizsə, mütləq yazılı müqavilə bağlanmalıdır. Hər şey rəsmi şəkildə olmalıdır ki, sabah problem yaranarsa, vətəndaş hüquqi yolla – məhkəmə vasitəsilə pulunu geri tələb edə bilsin.
Şirkətin rəsmi statusunu yoxlamaq vacibdir – Gərək araşdırılsın ki, həmin şəxs və ya şirkət vergi ödəyicisidirmi, nə vaxtdan fəaliyyət göstərir, bu vaxta qədər neçə avtomobil gətirib, barəsində ictimai rəylər nədir. Bu məlumatlara internet və sosial şəbəkələr vasitəsilə çıxış mümkündür.
Sığorta məsələləri önəmlidir – Əgər xaricdən birbaşa avtomobil sifariş edilirsə, hər iki tərəfli sığorta olması tövsiyə olunur. Həm göndərən, həm də alıcı tərəfdə sığorta olarsa, bu, riskləri minimuma endirir”.
 
Ekspert həmçinin qeyd edir ki, bəzi vətəndaşlar tanışlar vasitəsilə xarici şirkətlərlə əlaqə qurub avtomobili özləri sifariş verirlər:
“İnsanlar bəzən tanış qruplar vasitəsilə birbaşa xarici şirkətlərlə əlaqəyə girib sifariş verir. Bu zaman qiymət daha münasib görünür, amma risklər də artır. Çünki burada rəsmi məsuliyyət daşıyan bir vasitəçi olmur”.
 
Mehin Mehmanqızı
 
Seçilən
7
moderator.az

1Mənbələr