Avro həftənin ikinci iş günü kəskin itkilərini bərpa etməkdə çətinlik çəkir. İnvestorlar ABŞ və Avropa İttifaqı arasında əldə edilən ticarət razılaşmasının şərtlərinin əsasən ABŞ-ın xeyrinə olduğunu və bu razılaşmanın Aİ-nin iqtisadi perspektivlərinə əhəmiyyətli bir təsir göstərmədiyini ehtimal edirlər.
Banker.az (İnvestisiya) xəbər verir ki, Fransa bazar ertəsi bu razılaşmanı “Avropa üçün qaranlıq gün” adlandırdı və bildirdi ki, Aİ ABŞ Prezidenti Donald Trampın təzyiqləri qarşısında geri çəkilərək, Avropa mallarına 15%-lik rüsum tətbiq edən balanssız razılaşmanı qəbul edib.
Almaniya kansleri Fridrix Mers isə bildirib ki, razılaşdırılan rüsumlar Almaniya iqtisadiyyatına “əlamətdar dərəcədə” zərər vuracaq.
Avro əvvəlki sessiyada 1,3% ucuzlaşaraq son iki ayda ən kəskin günlük enişini yaşadı. Buna həm də Avrozonada dövlət istiqrazlarının gəlirliliyinin düşməsi və iqtisadi artıma dair narahatlıqlar səbəb olub.
Avro son ticarətdə itkilərini bərpa edə bilməyib və $1.1584 səviyyəsində 0.02% aşağıda qaldı.
“Bazarlar çox da vaxt itirmədən başa düşdülər ki, bu, nisbətən müsbət xəbər olsa da, qısa müddətdə Avrozonanın iqtisadi artımı baxımından hələ də mənfi mənzərə yaradır. Fransa bu razılaşmanı sərt şəkildə tənqid edib, Almaniya kansleri də daxil olmaqla digərləri isə ixracatçılar üçün mənfi nəticələri qabardırlar” – deyə, “National Australia Bank”ın valyuta tədqiqatları rəhbəri Rey Attrill Reutersə bildirib.
Avronun ucuzlaşması öz növbəsində dolları gücləndirdi – dollar sessiya ərzində əsas rəqib valyutalar səbətinə qarşı 1% yüksəldi.
Dollar çərşənbə axşamı bu mövqeyini qorudu və funt sterlinqi $1.3338 səviyyəsinə – iki ayın minimumuna endirdi. Yen isə dollar qarşısında 0,2% möhkəmlənərək 148.22-yə çatdı.
Dollar indeksi (DXY) 98.66 səviyyəsində sabit qaldı.
“ABŞ dollarının güclənməsi, yeni ABŞ-Aİ razılaşmasının ABŞ-ın xeyrinə olduğu təəssüratını əks etdirə bilər. Amma bu eyni zamanda ABŞ-ın Aİ və əsas müttəfiqləri ilə yenidən əlaqə yaratdığı fikrini də əks etdirir”- deyə, “Macquarie Group”un qlobal foreks və faiz strateqi Tyerri Vizman qeyd edir.
Bununla belə, Tramp bazar ertəsi bildirib ki, fərdi ticarət razılaşmaları imzalamayan ölkələr tezliklə ixracatlarına qarşı 15–20% tariflərlə üzləşəcəklər. Bu, apreldə tətbiq edilmiş ümumi 10%-lik tarifdən daha yüksəkdir.
Digər valyutalar:
Avstraliya dolları 0,04% artaraq $0.6524-ə çatdı. Yeni Zelandiya dolları isə $0.5970 səviyyəsində sabit qaldı. Çin yuanı (daxili bazarda) 7.1794 səviyyəsinə enərək bir həftənin minimumuna düşdü – investorlar Vaşinqton və Pekin arasında aparılan ticarət danışıqlarının nəticələrini gözləyirlər.ABŞ və Çin iqtisadi rəsmiləri bazar ertəsi Stokholmda 5 saatdan çox davam edən görüşdə ticarət münaqişələrini həll etməyə və üç aylıq “barışıq” müddətini uzatmağa çalışıblar.
Ticarət danışıqlarından əlavə, investorların diqqəti bu həftə həmçinin ABŞ Federal Ehtiyat Sistemi (FED) və Yaponiya Bankının faiz qərarlarına yönəlib. Hər iki qurumun faiz dərəcələrini dəyişməyəcəyi gözlənilir, lakin treyderlər gələcək addımlar barədə veriləcək açıqlamaları diqqətlə izləyəcəklər.