İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Bakıda mədəni irsin qorunması məsələlərinə həsr olunmuş ilk regional seminar təşkil edib.
“Report” ICESCO-nun sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir ki, seminarın əsas məqsədi təşkilata üzv ölkələrin regionun zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində səylərini dəstəkləməkdir.
"Mədəniyyət təkcə tarixi irsin bir hissəsi deyil, həm də kimliyi formalaşdıran və xalqlar arasında körpü rolunu oynayan müasir dövrün ən vacib elementidir", - ICESCO-nun regional ofisinin direktoru Əbdülhakim Əl-Sənan bildirib.
Onun fikrincə, mədəni irsin qorunması gələcəyə investisiyadır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə öz növbəsində vurğulayıb ki, yaxın zamanda təşkilat ICESCO ilə Anlaşma Memorandumu imzalayacaq. Bundan əlavə, fond Qırğızıstanda İssık-Kul gölünün sahilində keçiriləcək "Ruh Sanat" beynəlxalq mədəniyyət forumunda iştirak edəcək.
Onun fikrincə, memorandumun imzalanması mədəni irsin qorunması və təbliğinə yönəlmiş birgə layihələrin həyata keçirilməsi üçün möhkəm təməl qoyacaq.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmudun sözlərinə görə, tarixi-mədəni irsin qorunması və yerli mədəniyyətin fəal təbliği milli kimliyin formalaşmasının ayrılmaz elementləridir, davamlı inkişaf və mədəni tərəqqi üçün möhkəm əsas rolunu oynayır.
Seminar zamanı xüsusi diqqət iştirakçıların obyektlərin sənədləşdirilməsi və qorunması, milli inventarların hazırlanması və xüsusilə İslam dünyası irsi Siyahısına daxil edilmək üçün nominasiya fayllarının hazırlanması və təqdim edilməsi kimi sahələrdə bilik və praktiki bacarıqlarının dərinləşdirilməsinə yönəldilib.
Seminarda Azərbaycan, Özbəkistan, Tacikistan və Qazaxıstandan olan nümayəndələr və mütəxəssislər iştirak ediblər.