Bakı, 29 iyul, AZƏRTAC
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunda şəhid Zaur İsmayılzadənin anadan olmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən birliyin sədri Güllü Eldar Tomarlı şəhid Zaur İsmayılzadənin şərəfli ömür yolundan danışıb.
“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, Əməkdar müəllim Esmira Rəhimova bildirib ki, xalqımızın, torpağımızın və ərazi bütövlüyümüzün qorunması uğrunda canından və qanından keçən oğullarımız Vətənə zəfər yaşadıblar.
Tədbirdə çıxış edənlər vətən yolunda canını qurban verən oğulların tarixdə əbədi qalacaqlarını bildiriblər.
Anım mərasimizdə şəhidlərimizə həsr olunmuş vətənpərvərlik mövzusunda mahnılar ifa edib.