ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
"Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi "Naxçıvan gənclərinin sağlamlığı naminə Narkotikə yox təşəbbüsü” layihəsinin sonuncu təlimi Ordubad rayonunda keçirilib.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan layihə çərçivəsində Muxtar Respublikada ümumilikdə beş təlim təşkil olunub və Ordubad təlimlər silsiləsinin sonuncusu olub.
Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Hüseynli layihənin məqsədindən bəhs edərək, iştirakçıları və qonaqları salamlayıb.
Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir rəsmi şəkildə açıq elan olunub.
Layihə rəhbəri, "Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev çıxışında gəncləri salamlayaraq layihənin əhəmiyyətindən və bu təşəbbüsün cəmiyyət üçün nə qədər aktual olduğundan danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev çıxışında bildirib ki, narkotik vasitələr insan düşüncəsinə ciddi təsir göstərərək beynin fəaliyyətini pozur. Bu pozuntu psixoloji və fizioloji defektlərə yol aça bilər. Natiq qeyd edib ki, yaddaş və təfəkkür pozuntusu, depressiya və intihar hallarının əksəriyyəti məhz narkotik maddələrin təsiri ilə baş verir. O, belə təlimlərin ordubadlı gənclərin öz ətraflarını bu risklərdən qorumaqda əhəmiyyətli rol oynayacağını vurğulayıb.
Qaynarinfo.az saytının redaktoru Pərvin Kazımoğlu çıxışında jurnalistika təcrübəsindən danışaraq, narkotik və digər zərərli vərdişlərin törətdiyi cinayət faktlarına toxunub, bu məsələnin nə qədər ciddi və təhlükəli olduğunu vurğulayıb. O, gəncləri bu təhlükələrə qarşı ayıq-sayıq olmağa çağırıb.
Araşdırmaçı-ekspert Məhbubə Mehdiyeva isə "Zərərli vərdiş nədir?”, "Ən geniş yayılmış zərərli vərdişlər”, "Zərərli vərdişlərin səbəbləri”, "Narkotiklərin təsirləri”, "Asılılığın mərhələləri”, "Qumar vərdişi”, "Sosial medianın riskləri”, "Zərərli vərdişlərin nəticələri”, "Qorunma yolları” və "Dəstək axtarmaq ayıb deyil” mövzularında ətraflı təqdimatla çıxış edib.
Təlimin əvvəlində iştirakçılara pre-testlər təqdim olunub və sorğunun məqsədi izah edilib. Daha sonra söz psixoloq, təlimçi Çapay Quliyevə verilib. O, narkotik maddələrin fərdi və ictimai təsirləri, asılılığın mərhələləri, gənclər arasında risk faktorları, sosial və psixoloji dəstək yolları haqqında geniş məlumat verib. Təlimçi zərərli vərdişlərin insan həyatına, sağlamlığına, mənəviyyatına və dini dəyərlərinə zidd olduğu barədə gəncləri maarifləndirib.
Sonda iştirakçıların sualları cavablandırılıb, post-testlər paylanılıb və iştirakçılar tərəfindən cavablandırılıb. Maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda hərbi jurnalist Səxavət Məmmədin yeni çapdan çıxan "Savaş və Duman” kitabı təlim zamanı fərqlənən iki iştirakçıya hədiyyə edilib.
Beləliklə, "Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvan Muxtar Respublikasında gerçəkləşdirdiyi "Naxçıvan gənclərinin sağlamlığı naminə Narkotikə yox təşəbbüsü” layihəsi uğurla başa çatıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.