AZ

“Sərbəst həyat tərzi ailəni sıradan çıxarır” – AÇIQLAMA – ÖZƏL

"Ailə institutunun zəifləməsinin əsas səbəbi mənəvi-psixoloji amillərlə bağlıdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında fəlsəfə doktoru, sosioloq Mail Yaqub müasir cəmiyyətdə ailə dəyərlərinin zəifləməsinin səbəblərindən danışarkən deyib. Sosioloq bildirib ki, burada əsas məsələ həyat tərzidir. Müasir həyat tərzi ailəni dəstəkləmir, əksinə, daha çox sərbəst, fərdi həyata üstünlük verir. Bütün dünyada bu tendensiya müşahidə olunur və təəssüf ki, bu külək bizə də çatıb. Artıq ölkəmizdə də nikahların sayı azalır, boşanmaların sayı isə artır.

Sosioloq problemin həll yolları ilə bağlı da fikirlərini bildirib. Mail Yaqubun fikrincə, bu, artıq fərdi seçim məsələsidir. Hər bir ailə özü bu barədə qərar verməlidir: "Düzdür, cəmiyyətdə ümumi bir yön var - əgər bir külək əsibsə, bir sel gəlibsə, o, hamıya təsir edir. Lakin yenə də ümid var. Hər bir ailə öz daxilində xüsusi bir mühit formalaşdırmalıdır. Bu mühitdə ailə dəyərləri, mənəvi əsaslar təbliğ olunmalı, müasir həyatın mənfi təsirlərindən fərqli bir dəyərlər sistemi inkişaf etdirilməlidir. Bu, ilk növbədə ailə başçısından, valideynlərdən və eyni zamanda övladların öz seçimindən, dünya görüşündən asılıdır. Uşaqlara kiçik yaşlarından düzgün dəyərlər aşılanmalıdır ki, onlar böyüyəndə müasir həyatın zərərli sərbəstliklərini deyil, dürüst və ailə dəyərlərinə əsaslanan bir həyat tərzini seçsinlər və ailə qura bilsinlər.
Unutmaq olmaz ki, ailə qurmaq məsuliyyətdir. Bu məsələ yalnız sosial-iqtisadi problemlərlə izah oluna bilməz. Statistikaya diqqət etsək görərik ki, ailə qurmaqdan yayınan və ya bu qərarı ertələyən gənclərin arasında yalnız sosial rifahı aşağı olanlar deyil, əksinə, rifah içində olanlar da var. Yəni, bu meylin artması sadəcə iqtisadi çətinliklərlə izah oluna bilməz. Bu səbəbdən də ailə institutunun qorunması istiqamətində ciddi və məqsədyönlü işlər aparılmalıdır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr