Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Son günlər sosial şəbəkələrdə müzakirə obyekti yoldaşının cehizi geri qaytarıldığı üçün canına qıyan bəydir.
Qaynana-gəlin münasibəti, iki qadın arasındakı intriqalar ilk deyil. İnsanlığın yarandığı gündən var bu mövzu. Hələlik bilinən ilk sivilizasiyalardan şumerlərdə belə gəlin-qaynana münasibətinə toxunulub. Məşhur dastan qəhrəmanımız Dədə Qorqud "gəlinə ayıran demədim mən Dədə Qorqud” deyə şikayətlənir.
Qaynana oğlunu, gəlin həyat yoldaşını paylaşmaq istəməyəndə ortaya belə mənzərələr çox çıxır. Yəni, bu ilk deyil. Lakin övladın anası və yoldaşı arasında qalmağa əsəbinin dözməyib özünü öldürməsi ciddi məsələdir.
Burada cəmiyyətin çox ciddi bir problemi ilə qarşılıaşırıq: Tərbiyə... Biz övladlarımızı necə böyüdürük?! Əlbəbək, gülbəbək. İndi analar görürəm, körpələrinə kimsə gülümsəyəndə qaşqabaq tökürlər. Birisi toxunsa, xoş rəftar göstərsə əsəbləşirlər. Kimsə təcrübəli birisi analıq ilə bağlı bir göstəriş versə, dərhal aqressivləşirlər.
Səbəbi anaların qısqanclıqları. Uşaqlarının onlara əmanət deyil, sanki mülk kimi verildiyini düşünmələridir (Çox cahilcə bir düşüncədir, ama zəmanəmizin gerçəyidir təəssüf ki). Müasir analar nədənsə, özləri ən doğrusunu bilir, ən gözəlini edirmiş kimi bir inanca sahibdirlər. Belə analar uşaqlarının əvəzinə yaşayır.
Yəni, uşaq yeməyini belə özü yeyə bilmir. Beş yaşında uşağın arxasınca əlində qaşıq qaçan analar var. O uşaq o yeməkdən nə anlayır görəsən? Doğrusu, mən də uşaq olsam, valideynlərimi şantaj etmək üçün mənim də əlimdə fürsət olsa vallahi mən də qaçaram ki, valideynim yaxalasın, bir qaşıq yeməyi yedirsin.
Sonra o biri qaşıqda yenə... Ana tanıyıram, 14 yaşlı oğlunu insan içində döyə-döyə çimizdirməyə apardı. Özü çimizdirdi. İndi bu oğlanın gələcəyini təsəvvür edirsinizmi? Özgüvənsiz, passiv-aqressiv bir gənc. Anası belə olsa oğlunun məhrəminə sayğı göstərməlidir ki, o uşaq özünü güvənli hiss etsin. Hələ insan içində uşağın heysiyyətinə toxunacaq davranışlar... Sonra nə oldu bilirsinizmi? O uşaq, ilk fürsətdə anasına qarşı gələcək bir sahə tapdı: Oxumadı. Anasına qarşı meydan oxuya biləcəyi tək sahə təhsil idi və uşaq bunu bilirdi. Yəni, əslində, biz uşaqlarımıza nələr edirik, görürsünüzmü?
Müasir dövrümüzdə uşaq özü haqqında heç nəyə özü qərar verə bilmir. Hər şeyə ana qərar verir, ana edir. Uşağın nə zaman acdığını, üşüyüdüyünü ana müəyyənləşdirir. Uşağın nə yeməsinə belə ana qərar verir. Bir ana tanıyıram, oğlu həyətdə oynayarkən qonşunun uşağı ilə dalaşanda döyülmüşdü. Ana gəldi qonşunun uşağını cəzalandırdı. Halbuki ana uşağına açıqca başa salmalı idi ki, başının çarəsinə baxmağı öyrən, axı sən gələcəkdə ailə başçısı olacaqsan.
Təəssüf ki, ana uşağının əlindən özünü qorumaq imkanını aldı. Uşağının bərkə-boşa düşməsinə imkan vermədi. Məsələni özü həll etdi. Evin işlərində, çölün işlərində analar izin vermir uşaqlarının əziyyət çəkməsinə. "Mən çəkərəm bütün əziyyəti, qoy uşağım rahat olsun” deyən analar bilmirlər ki, cəmiyyətə zəif, dözümsüz övlad yetişdirirlər. Halbuki valideyn insana niyə verilir? Övlad böyüdüyü zaman, büdrədikcə, yanlış elədikcə valideyni dəstək olsun. Daha valideyn uşağını pəmbə fanusun içində böyütsün deyilmir. Əvvəllər analar on uşaq böyüdürdü, heç yorulmurdu. İndi necə olursa, bir uşaqla, iki uşaqla analar tükənir, depressiyalara girir, öhdəsindən gəlməkdə çətinlik çəkir? Cavabı yuxarıda verilib: Çünki analar uşaqlarının yerinə yaşayır. Uşağının bütün yükünü öz üzərinə çəkir və uşağın iradəsinin möhkəmlənməsinə, xarakterinin formalaşmasına maneə olur. Nəticədə uşaq böyüyür, gənc oğlan olur, aşiq olur və ilk dəfə bir qıza açılır. Qız oğlanın duyğularına qarşılıq verməyəndə oğlan travma alır, bunun öhdəsindən gələ bilmir, bəzən yanlış davranışlar etməyə başlayır. Ya bir daha hər hansı bir qız ilə münasibət qurmaqdan çəkinir, ya da dayaz, duyğusuz münasibətlər qurmağa başlayır. Digər tərəfdən də oğlan anasının "buxov”undan qurtulub özünə yeni bir qadını buxov olaraq tapır, onun yönləndirməsi ilə həyatını davam etdirir. Vəziyyət ağırdır. Atalarımız boşun deməyib: "iş insanın cövhəridir”, "adamın başına nə gəlir boşluqdan gəlir”, "təmbəl olanı Allah da sevməz”. Uşaqların "rahat” həyat sürməsi üçün valideynlər oxumağın şərt olduğunu düşünürlər. Bu olduqca yanlış düşüncədir. Elə bu yanlış düşüncəyə görə neçə abituriyent kəsildiyi üçün intihar edib. Oxumaq lazımdır, ama vacib deyil. Əvvəla hər kəs oxumalıdır deyə bir qanun yoxdur. Oxumadan çalışıb ailəsini gül kimi dolandıranlar var. Madam ki, uşağının ağıllı, savadlı, oxumuş birisi olmasını istəyir o zaman valideyn bəzi qaydalara əməl edəcək: Birincisi, uşağının ən vacib ehtiyacını oynamaq, əylənmək, həyatı yaşamaq imkanlarını əlindən almayacaq. İkincisi, uşağı zəhmətə öyrədəcək. Zəhmətin insan beyni üzərindəki təsirini inkar etmək mümkün deyil.
Bu yaxınlarda Harvard universitetinin bir araşdırmasını oxudum: zəhməti tanıyan uşağın beyni ilə tanımayan uşağın beyni arasında ciddi fərq var imiş. Həmçinin zəhməti tanıyan uşağın həyata, hadisələrə baxa bilmək qabiliyyəti də daha fərqlidir. Övladımızı sevmək doğrudur, ancaq sevgi adı altında bütün eqomuzu onun üzərində sınamaq heç doğru deyil. Uşaqlar bizə əmanətdir, onlar bizim mülkümüz deyil. Sevmək, tərbiyə etmək bizim borcumuzdur. İdarə etmək, özümüzdən asılı etmək ağır faciələrə aparıb çıxara bilir. Uşaq tərbiyəsinin ən gözəl formasını folklorumuzda axtarıb tapmaq mümkündür. Bu barədə gələn dəfələrdə ətraflı danışarıq.
Valideyn olaraq bir vəzifəmiz var: Övladımıza dəstək olmaq. Bunu unutmayaq, bunu nə zaman unutsaq, qapılarımızı faiəyə də açmış olarıq.
Aynur Qəzənfərqızı,
Folklorşünas alim
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.