Rusiya ordusu gecə saatlarında Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərinə raket zərbəsi endirib. Hücum nəticəsində doğum evinə ziyan dəyib, iki nəfər həlak olub.
“İki sahil” Dnepropetrovsk vilayəti dövlət administrasiyasının meri Sergey Lısaka istinadla xəbər verir ki, hücum nəticəsində istifadəsiz olan üçmərtəbəli bina qismən dağılıb. Eyni zamanda, şəhər xəstəxanasının doğum evinə və bir şöbəsinə ziyan dəyib. Lısak əlavə edib: “Nəticədə iki nəfər həlak olub, daha beş nəfər yaralanıb. Yaralanan iki qadının vəziyyəti ağırdır. Onlardan biri hamilədir. Üç xəstənin vəziyyəti orta ağırdır”.
Onun sözlərinə görə, 9-cu xəstəxananın doğum və terapevtik şöbələrinə xeyli ziyan dəyib. “Binaların dam örtüyü zədələnib, bütün pəncərə şüşələri qırılıb. Xəstəxananın dayanacağında olan bir neçə avtomobil baş verən yanğın nəticəsində külə dönüb. Bütün xəstələr digər tibb müəssisələrinə aparılıb. Dəri-zöhrəvi dispanser və uşaq poliklinikasında da pəncərə şüşələri qırılıb”, -deyə administrasiya rəhbəri məlumat verib.