Azərbaycan ədəbiyyatında daim diqqət çəkən mövzulardan biri yazıçı-oxucu münasibətidir.
Zaman keçdikcə dəyişən ictimai zövq, texnologiyanın təsiri və oxucu tələbləri yazı prosesinə birbaşa təsir göstərir. Müasir dövrdə yazıçı bu dəyişikliklərə uyğunlaşmalı, amma eyni zamanda öz dəst-xəttini və mövqeyini də qoruyub saxlamalıdır.
Ədəbi prosesin gedişatı, tənqidin mövcud durumu, gənc yazarların dəstəklənməsi və ümumiyyətlə bugünkü oxucu davranışları haqqında yazıçı, tərcüməçi və ssenarist İlqar Fəhmi ilə söhbətləşdik. Müəllif həm şəxsi müşahidələrini bölüşdü, həm də ədəbiyyatın bugünkü reallıqlarına münasibətini bildirdi.
Oxucu, yazıçı və cəmiyyət üçbucağında ədəbiyyatın bugünkü yerini daha yaxından anlamaq üçün Bakıvaxtı.az müsahibəni təqdim edir.
- Sizcə, bu gün Azərbaycanda oxucu zövqü inkişaf edir, yoxsa yazıçılar zövqsüz oxucu kütləsinə uyğunlaşmağa məcbur qalır?
- Zövq dəyişən bir şeydir. 20 il əvvələ qədər hər şey fərqli idi. Bizim vaxtımızda zövqlü olan əsərlər indi aktual deyil, eynilə bu gün aktual olan mövzular bizim dövrümüzdə aktual deyildi. Yəni zövq sabit deyil, zamana, məkana və texnologiyaya uyğun olaraq dəyişir. Yazıçı bu dəyişiklikləri dərk etməli, amma tam tabe olmamalıdır.
- Sizcə, bu gün ədəbiyyat cəmiyyətə təsir edirmi, yoxsa sadəcə onunla barışıb uyğunlaşır?
- Ədəbiyyat təsir formalaşdırır. Sadəcə, bu təsirin mahiyyəti və tezliyi dəyişib. Hazırda ani təsir rolunu xəbər portalları, saytlar, sosial media oynayır. Amma dərin təsir hələ də ədəbiyyatın öhdəsindədir. Ədəbiyyat insanın daxili dünyasını dəyişə bilər, bu isə daha uzunmüddətli prosesdir.
- Azərbaycanda ədəbi tənqid, demək olar ki, passivləşib. Sizcə, bu, yazıçıların, yoxsa tənqidçilərin məsuliyyətidir?
- Tənqidə diqqət azalıb, amma tənqidçilik anlayışı və fəaliyyəti qalır. Sadəcə olaraq əvvəl buna daha çox maraq vardı. İndi sosial şəbəkələr vasitəsilə hər müəllif öz əsərini sərbəst paylaşa bilir. Bu, bir tərəfdən azadlıqdır, digər tərəfdən isə peşəkar tənqidə ehtiyacı azaldır. Bu, artıq marketinq və təqdimat məsələsidir, hər kəs özünü fərqli tərzlərdə təqdim edir.
- Bəzən tənqid olunur ki, Yazıçılar Birliyi gənc yazarlara dəstək vermir. Bu fikirlərlə razısınızmı?
- Mən bu fikirlə razı deyiləm. Son 10 ildə ortaya çıxan gənclərin çoxu AYB-nin "Gənc ədiblər" məktəbindən çıxıb və bu məktəbin rolu böyükdür. AYB-nin hər bir yazarı sonadək müşayiət etməsi mümkün deyil. Amma ilk mərhələdə AYB həmişə dəstək olub. Bu, danılmaz faktdır. Son 20 ilin bir çox tanınan yazarı həmin məktəbin yetirməsidir.
- Sizcə, müasir Azərbaycan oxucusu nəyi oxumaq istəyir və yazıçı bu istəyə uyğunlaşmalıdırmı?
- Oxucular iki əsas qismə bölünür: kütləvi və düşüncəli. "Sadəcə" oxucu dövrün aktual mövzularını axtarır, yəni gündəmdə olan, sosial şəbəkələrdə rezonans doğuran mətnləri. Kütləvi oxucu əsasən problemləri, dramatik hadisələri görmək istəyir. Zövqlü oxucu isə ədəbiyyatda yalnız nəyi deyil, necə deyildiyini də nəzərə alır. Belə oxucu üçün təqdimat, estetik quruluş da vacibdir. 20 faiz oxucu ədəbiyyatdan elə şeyləri tələb edir ki, onu başqa heç yerdə tapmaq mümkün olmasın. Özünü elitar təbəqənin yazarı hesab edən kimsə bu "sadəcə"liyə meyl etmir. Amma reallıq budur ki, bu gün oxucuların 82 faizi kütləvidir, 18 faizi zövqə qiymət verəndir. Bunu artıq kitab mağazalarının rəfləri də sübut edir. Bugünkü əsas meyar satışdır. Material satılmalıdır. Və bu səbəbdən də yayım və kitab evlərinin genişlənməsi ilə paralel şəkildə ədəbi keyfiyyət müəyyən qədər zəifləyib.
Əli Hüseynov