“Mançester Siti”nin vaş məşqçisi Xosep Qvardiola özünün və həmkarlarının tənqidlə üzləşməsinə münasibətini açıqlayıb.
Arena.az “Reddit” dərgisinə istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Ötən mövsüm mən, kütlənin “Səhər səni qovacaqlar!” qışqırdığı hər bir səfər stadionunda olmuşam. 60 min adamın sənin qovulmağını tələb etdiyi başqa bir peşə yoxdur. Amma bizim peşəmiz o qədər ödənişlidir ki, biz müvafiq tənqidlə barışa bilirik”, deyə “Pep” vurğulayıb.
Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. İspan mütəxəssisin İngiltərə klbubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 533 oyun keçiriblər, 383 qələbə qazanıblar, 67 heç-heçə ediblər, 83 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1333:503 nisbətindədir.
Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.
Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.