BAKI, 29 iyul. TELEQRAF
Naxçıvanda enerji infrastrukturunun yenidən qurulmasına 46 milyon manat xərclənəcək.
Teleqraf xəbər verir ki, "Azərenerji" ASC 110/35/10 kV-luq "Naxçıvan" YS-nın yenidən qurulması, Naxçıvan enerji baş idarəsinin tikintisi və 110/35/10 kV-luq "Çeşməbasar" YS-nın yenidən qurulması ilə bağlı işləri"Azconstruction" QSC-yə həvalə edib.
Yenidənqurma işlərinə iyulun 28-də başlanılıb və layihənin 2026-cı il iyulun 28-də tamamlanması planlaşdırılır.
Qeyd edək ki, “Azconstruction” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Təranə Əliyeva Tahir qızıdır.
Nəzərə çatdıraq ki ,"Azərenerji" “Azconstruction”ilə "Qozlu Körpü", "Şeylanlı", "Aşağı Malıbəyli" KSES-lərin yenidən qurulması və 6 ədəd KSES-in enerji sisteminə inteqrasiyası işlərinin satın alınması ilə bağlı 40 milyon 507 min manatlıq müqavilə imzalayıb. İşlərin bu ilin sentyabrında tamamlanması planlaşdırılır.
Xatırladaq ki, şirkət 2021-ci ildə Ələt azad iqtisadi zonası ərazisində ilkin elektrik işlərinin layihələndirilməsi və aparılması işlərinin satın alınması ilə bağlı tenderin də qalibi olub. Müqavilənin dəyəri 9,9 milyon manat olub.