Səbail rayonunda, “Səbail” parkının girişində yolun asfalt örtüyü çöküb. Ərazidə həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkəti çətinləşib.
Bakıvaxtı.az xəbər verir ki, bu şikayətlə sakinlər Baku TV-yə müraciət ediblər.
“İki dəfə qadın yıxılıb, ayağı sınıb. Təxminən bir metr dərinlik var, çöküntü getdikcə artır. Gəlib təmir etməlidirlər, amma heç kim maraqlanmır”, - deyə sakinlərdən biri qeyd edib.
Problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb. Aidiyyəti qurumlara şifahi məlumat verilib və rəsmi müraciətlərin də göndərilməsi nəzərdə tutulur.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, kanalizasiya kollektorunun yanında çökmüş asfalt örtüyünün 50 kvadratmetrlik sahəsində problem artıq aradan qaldırılıb. Aidiyyəti qurum həmin ərazidə görülən işlərlə bağlı görüntüləri də təqdim edib.
Qurumdan o da bildirilib ki, çökmüş yolun alt hissəsi yoxlanılıb, hər hansı bir təhlükə gözlənilmir.
Daha ətraflı süjetdə: