AZ

Qəzza zolağında atəşkəs üçün Qətər və Misir birgə çağırış edib

Bakı, TurkicWorld

Qətər və Misir Qəzza zolağında davam edən müharibəyə son qoymaq məqsədilə atəşkəsə nail olmaq üçün diplomatik səyləri davam etdirdiklərini açıqlayıblar.

TurkicWorld xəbər verir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misirin xarici işlər naziri Bədr Əbdüləti, BMT-nin beynəlxalq konfransında çıxışında qeyd edib.

Əl Tani, İsrailin iki ildir Qəzzada apardığı hərbi əməliyyatların bölgədə ciddi humanitar böhran yaratdığını bildirib. O, aclığın təzyiq vasitəsi kimi istifadəsini qınayaraq, mülki əhalinin, xəstəxanaların və sığınacaqların hədəfə alınmasını sərt tənqid edib.

Misirli nazir Bədr Əbdüləti isə çıxışında bildirib ki, iki dövlətli həllin həyata keçirilməsi və İsrailin işğal siyasətinin sona çatdırılması bölgədə sülhün bərpası üçün yeganə yoldur. O əlavə edib ki, Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququ beynəlxalq hüquqla təmin olunmalıdır.

Qətər və Misirin vasitəçiliyi ilə aparılan danışıqlarda HƏMAS iyulun 24-də İsraillə məhbus mübadiləsi və atəşkəslə bağlı təklifə rəsmi cavab verdiyini açıqlayıb. İsrail Baş Nazirlik Ofisi bu cavabın vasitəçilər vasitəsilə Təl-Əvivə çatdırıldığını və hazırda qiymətləndirildiyini bildirib.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff isə HƏMAS-ın atəşkəslə razılaşmaq istəmədiyini irəli sürərək, Qətərin paytaxtı Dohada aparılan danışıqlardan ABŞ komandasını geri çağırdıqlarını bəyan edib.

Buna baxmayaraq, Misir və Qətər iyulun 25-də danışıqların müvəqqəti dayandırılmasının məsləhətləşmə məqsədilə olduğunu və bu halın normal proses çərçivəsində baş verdiyini bildiriblər.

Seçilən
0
turkic.world

1Mənbələr