Yay aylarında insanlar isti hava səbəbindən tez yorulur, halsızlıq və diqqətsizlik hiss edirlər. Bu kimi hallarda bir çoxları özlərini "ayaqda saxlamaq" üçün enerji içkilərinə və qəhvəyə üz tutur. Lakin mütəxəssislər bu vərdişin orqanizm üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.
BAKU.WS xəbər verir ki, yüksək temperatur şəraitində bu içkilərin tərkibindəki kofein, şəkər və digər stimullaşdırıcı maddələr bədənə ikiqat yük gətirə bilər.
Diyetoloq və terapiya mütəxəssisləri bildirirlər ki, yayda bu içkilərin qəbulu bədənin su balansını pozur. Bu isə dehidrasiyaya (bədəndə su itkisinə) səbəb olur. Kofeinli içkilər ürək döyüntüsünü artırır, təzyiqi yüksəldə bilər və xüsusilə də ürək-damar problemi olan şəxslər üçün risk yaradır.
Mütəxəssislərin fikrincə, insanlar susuz qaldıqca baş ağrısı, halsızlıq və yuxusuzluq kimi hallar yaşaya bilərlər. Bu zaman enerji içkiləri vəziyyəti daha da ağırlaşdıra bilər. Enerji içkiləri yüksək şəkər və turşu tərkibli olduğuna görə həm mədə-bağırsaq, həm də sinir sistemini zədələyir.
Uşaqlar, yeniyetmələr, hamilə qadınlar, təzyiq və ürək problemi olan şəxslər üçün bu içkilərin qəbulu xüsusilə təhlükəlidir. Gündə bir neçə fincan qəhvə və ya bir neçə ədəd enerji içkisi istehlak edən şəxslərdə asılılıq yaranır və bu, uzunmüddətli narahatlıqlara səbəb ola bilər.
Mütəxəssislər yay aylarında bol su içməyi, təbii meyvə şirələrinə və bitki çaylarına üstünlük verilməsini tövsiyə edirlər. Həmçinin, balanslı qidalanma və yüngül fiziki aktivlik də bədənin enerjisini təbii şəkildə artırmağa kömək edir.