AZ

AMEA rəhbəri və QDİƏT PA baş katibi elmi əməkdaşlığı müzakirə ediblər

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi akademik Asəf Hacıyevlə görüşüb.

Bu barədə Operativ Media-ya AMEA-dan bildirilib. Rəyasət Heyətində baş tutan görüşdə akademik İsa Həbibbəyli AMEA-nın 80 illiyi çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Qeyd edib ki, dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamından irəli gələrək həm ölkəmizdə, həm də Türk dünyasının elmlər akademiyaları və akademik elmi təşkilatlarında AMEA-nın yubileyi təntənəli şəkildə qeyd olunur.

Bu tədbirlər çərçivəsində cari ilin iyun ayında İstanbulda QDİƏT PA tərəfindən təşkil edilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər akademiyaları prezidentlərinin ikinci toplantısında AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu deyən akademik İsa Həbibbəyli tədbirin təşkilinə görə akademik Asəf Hacıyevə təşəkkürünü bildirib.

AMEA rəhbəri, həmçinin noyabr ayında planlaşdırılan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir, eləcə də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıq məsələləri barədə danışıb.

Akademik Asəf Hacıyev çıxışında qeyd edib ki, AMEA 80 il ərzində ölkəmizin ictimai, iqtisadi, elmi, ədəbi, mədəni həyatında mühüm rol oynayıb və Azərbaycan alimləri elmi kəşfləri, apardıqları tədqiqatlarla dünya şöhrəti qazanıblar.

Dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının AMEA-nın 80 illik şərəfli tarixinə, Azərbaycan elminə, aliminə və ziyalısına verilən dəyərin ifadəsi olduğunu deyən akademik Asəf Hacıyev bu çərçivədə keçirilən tədbirləri yüksək dəyərləndirib.

Görüşdə, həmçinin bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb.

Seçilən
1
4
operativmedia.az

5Mənbələr