AZ

İrandan sürpriz addım: Nüvə iddiasından əl çəkir? - RƏY

"İranın belə tezliklə nüvə iddiasından əl çəkəcəyini zənn etmirəm". 

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib. 

O fikrini belə əsaslandırıb:

"Çünki ən azından nüvə iddiası və bunun uğrunda çalışmalar İrandakı hakimiyyətin əsas dayaq nöqtəsidir. İran bunun üçün çox məsələlərdə itkilərlə və beynəlxalq sanksiyalarla üzləşib. Həmçinin, ötən illər ərzində həddindən artıq maliyyə resursları bu istiqamətdə yatırılıb. Üstəlik, adıçəkilən ölkə uzun illər boyu embarqoya məruz qalıb, amma yenə də nüvə iddiası üçün milyardlarla dollar xərcləyib".

378879

Ekspert qeyd edib ki, molla rejimi öz legitimliyinin əsasını da nüvə proqramı üzərində elan edib:

"İndi bundan geri addım atmaq faktiki olaraq İran hakimiyyətinin ölkə daxilində suallara cavab verə bilməməsi ilə nəticələnə bilər. 

Yəni vətəndaşlar bir gün nüvə iddiasından imtina edəcəkdirlərsə, nəyə görə bu məhrumiyyətlərə dözdüklərini soruşacaqlar. Artıq İran bu hədəf uğrunda o qədər investisiya qoyub və maliyyə və resursları tükədib ki, bundan geri addım atmaq şansı yoxdur". 

Turab Rzayev İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) əməkdaşlıq üçün yeni təlimat təqdim edəcəyini açıqlamasına da münasibət bildirib:

"Əgər İran Atom Enerjisi üzrə Beynəlxalq Agentli ilə əməkdaşlıq edirsə, deməli, nüvə proqramını davam etdirir. Əks halda, nüvə proqramını dayandırsa, bu əməkdaşlığa da ehtiyac qalmazdı. İran əvvəllər də onlarla əməkdaşlıq edirdi. Sadəcə olaraq, həmin müddət iki problem yaşamışdı. 

Birincisi, ABŞ bu əməkdaşlığa rəğmən, İrana tətbiq olunan sanksiyaları ləğv etmədi. Əksinə, sanksiyalar davam etdi, verilmiş iqtisadi vədlər yerinə yetirilmədi. Ona görə də İran bu agentlikdən çıxmaqla ABŞ-yə bir növ hədə göndərmiş oldu".

Politoloqun sözlərinə görə, İranın bu əməkdaşlıq zamanı qarşılaşdığı ikinci problem isə agentlik əməkdaşlarının casusluq fəaliyyəti idi:

"Agentliyin əməkdaşları İsrailə və ABŞ-yə casus məlumatlar ötürüb, İranın nüvə obyektlərinin yeri və vəziyyəti barədə bilgilər paylaşıb. Buna görə də sözügedən agentliklə əməkdaşlıq dayandırılmışdı.

Lakin düşünürəm ki, Tehran hakimiyyəti yavaş-yavaş bu əməkdaşlığı yenidən bərpa edəcək. İran ən azından dünya ictimaiyyətinə göstərmək istəyir ki, onun nüvə obyektləri şəffafdır. Bundan sonra da dünya ictimaiyyət ilə çalışmaq istəyini ortaya qoymağı hədəfləyir. 

Əks halda, adıçəkilən ölkə dünyada ictimai rəyi və başqa dövlətlərin dəstəyini itirə bilər. Buna baxmayaraq, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlığı yeni formatda edəcəyi gözlənilir. Yəqin ki, agentlik əməkdaşlarına tətbiq olunan maneələr artırılacaq və onlarla limitli işbirliyi ediləcək". 

Pərviz

Seçilən
0
50
hit.az

10Mənbələr