Bakı, 29 iyul, Tamilla Məmmədova, AZƏRTAC
AZƏRTAC ABŞ-ın beynəlxalq münasibətlər üzrə mütəxəssisi, siyasi və elmi məsləhətçi, politoloq Devid Felsen ilə müsahibəni təqdim edir.
- Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu necə qiymətləndirirsiniz və bu kontekstdə ABŞ-ın mövqeyi nədir?
- ABŞ və Azərbaycan arasında enerji sahəsində, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və Rusiyanın enerji resurslarından asılılığının azaldılması məsələlərində bir sıra ortaq strateji maraqları mövcuddur. Azərbaycan OPEC-ə daxil olmayan əsas neft və qaz istehsalçısı kimi, Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri və Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin həyata keçirilməsini dəstəkləyir. Bu layihələr Xəzər enerji resurslarının Rusiyadan yan keçməklə Avropaya çatdırılmasına imkan verir. Həmin marşrutlar tədarükün diversifikasiyası və Avropa enerji bazarının dayanıqlığının artırılması baxımından mühüm rol oynayır. ABŞ baxımından isə Azərbaycanın etibarlı tərəfdaş kimi rolunun gücləndirilməsi Avro-Atlantik məkanda ümumi enerji təhlükəsizliyi arxitekturasının möhkəmlənməsinə xidmət edir.
- ABŞ və Azərbaycan arasında enerji əməkdaşlığı neft və qaz sektorundan kənara çıxaraq, məsələn, bərpaolunan enerji mənbələri sahəsini də əhatə edə bilərmi?
- Azərbaycanın bərpaolunan enerji mənbələrinə marağı şübhəsiz artmaqdadır. Bu baxımdan ölkə iqtisadiyyatının şaxələndirilməsinə ehtiyac var. Eyni zamanda, Azərbaycan həm geosiyasi, həm də iqlim məqsədlərinə əməl etmək və beynəlxalq tərəfdaşlıqları inkişaf etdirmək baxımından Avropa ölkələri ilə ayaqlaşmağa çalışır. Hazırda ABŞ bərpaolunan enerji sahəsində daha az fəallıq göstərir və bu sahədə daha ehtiyatlı qlobal liderlik nümayiş etdirir. Lakin uzunmüddətli perspektivdə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bu sahədə artan rolu ilə əməkdaşlığın genişlənəcəyi proqnozlaşdırılır. Regionun günəş və külək enerjisi potensialı nəzərə alındıqda, bu əməkdaşlıq ikitərəfli və regional inteqrasiya üçün yeni imkanlar aça bilər. ABŞ texnologiyaları və investisiyalarının dəstəyi isə Azərbaycanın enerji sektorunun dayanıqlı inkişafında mühüm rol oynaya bilər.
- ABŞ üçün Azərbaycan Şərq-Qərb nəqliyyat qovşağı kimi hansı strateji əhəmiyyətə malikdir? Qlobal təchizat zəncirlərinin transformasiyası kontekstində ABŞ Orta Dəhlizin inkişafını necə dəstəkləyə bilər?
- Azərbaycan, şübhəsiz ki, Şərq-Qərb nəqliyyat qovşağı kimi strateji əhəmiyyətə malikdir. O Avropa, Mərkəzi Asiya, Rusiya və Yaxın Şərqin kəsişməsində yerləşir. Bu, Orta Dəhliz – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafını dəstəkləyən ABŞ üçün böyük maraq doğurur. Bu marşrut alternativ istiqamət kimi nəzərdən keçirilir. ABŞ Azərbaycan infrastrukturuna investisiyaları dəstəkləməyə davam edir. Bakı–Tbilisi–Ceyhan neft kəməri yeni logistika zəncirlərinin formalaşdırılması istiqamətində Amerikanın dəstəyinin bir hissəsidir.
Bundan əlavə, ABŞ dəniz təhlükəsizliyi sahəsində Azərbaycanla Xəzər dənizində fəal əməkdaşlıq edir. Alternativ marşrutların inkişafı Rusiya ərazisindən keçən Şimal dəhlizindən asılılığı, həmçinin çatdırılma müddətini və nəqliyyat xərclərini azaldır. Bütün bunlar isə qlobal təchizat zəncirlərinə təsir göstərir.
- Hazırda Azərbaycanın iqtisadiyyatında amerikalı investorlar üçün ən cəlbedici sahələr hansılardır? ABŞ Azərbaycanda texnoparkların, startap ekosisteminin və rəqəmsal təşəbbüslərin inkişafında nə dərəcədə maraqlıdır?
- Hazırda ABŞ investorları üçün Azərbaycanın iqtisadiyyatında ən böyük maraq doğuran sahələr neft-qaz sektoru, nəqliyyat və logistika sahələri, eləcə də bərpaolunan enerji mənbələri sektorudur. “Exxon Mobil” və “Chevron” kimi böyük amerikalı transmilli korporasiyalar Azərbaycan iqtisadiyyatına investisiya qoymağa davam edirlər. Orta Dəhlizin bir hissəsi olan nəqliyyat qovşağı ABŞ-ın logistika və infrastruktur sərmayələrini cəlb edir. ABŞ şirkətləri, həmçinin Azərbaycanın alternativ enerji sahəsində, xüsusən külək və günəş enerjisi istiqamətlərində potensialını görür və “yaşıl infrastruktur”un inkişafına investisiya qoymaqda maraqlıdırlar.
Bundan əlavə, ABŞ-ın Azərbaycanda rəqəmsal təşəbbüslərə və innovativ klasterlərin inkişafına marağı artır. Startaplar və informasiya texnologiyaları sahəsində əməkdaşlıq da əhəmiyyətli istiqamətlərdən birinə çevrilir.
- Azərbaycan Mərkəzi Asiya və Yaxın Şərq bazarlarına çıxmaq istəyən amerikalı şirkətlər üçün platformaya çevrilə bilərmi?
- ABŞ, təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi şaxələndirilməsi və inkişafı baxımından texnoparkların, startap ekosistemlərinin və rəqəmsal təşəbbüslərin dəstəklənməsi vasitəsi kimi bu sahələrin inkişafında maraqlıdır. Lakin rəqəmsal sahəyə investisiyaların qarşısını alan normativ qeyri-müəyyənlik hələ də qalır və daxili bazarın məhdud olması texnoparklar və startapların maliyyələşdirilməsinin cəlbediciliyini azaldır. Bununla belə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və fəal xarici iqtisadi siyasətini nəzərə alaraq, ölkə amerikalı biznes üçün Mərkəzi Asiya və Yaxın Şərqə gedən yolda mühüm bir halqaya çevrilə bilər. İnstitusional islahatların aparılması və əlverişli biznes mühitinin yaradılması şərtilə, Azərbaycan ABŞ şirkətlərinin daha böyük marağını cəlb edə bilər.
- ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq Cənubi Qafqazda sabitlik və inteqrasiyaya necə töhfə verə bilər?
- Azərbaycan öz bazarının böyüməsi, investorların etimadının artması fonunda Mərkəzi Asiya və Yaxın Şərqdə biznes qurmaq istəyən Amerika şirkətləri üçün mərkəzi qovşağa, əsas platformaya çevrilə bilər. ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsi müxtəlif iqtisadi və sosial sahələrə müsbət təsir göstərə bilər. Bu, regional qarşılıqlı əlaqələrin güclənməsinə, investisiya layihələrinin sayının artmasına, region ölkələri arasında iqtisadi qarşılıqlı asılılığın inkişafına və ümumi iqtisadi maraqlar hesabına sülhün möhkəmlənməsinə səbəb olacaq. Həmçinin bu, iş yerləri yaradan və məşğulluğa töhfə verən dayanıqlı iqtisadiyyatların formalaşmasına kömək edəcək, eləcə də demokratik institutların möhkəmləndirilməsinə, səmərəli idarəetmənin, hüququn təmin olunmasına və daha sabit və səmərəli bazarların inkişafına yönəlmiş dövlət islahatları üçün stimula çevriləcək.
- ABŞ və Azərbaycan arasında iqtisadi tərəfdaşlığın növbəti mərhələdə dərinləşdirilməsi üçün hansı addımlar atılmalıdır? Qarşıdan gələn ABŞ-Azərbaycan Strateji Dialoqu münasibətləri daha sıx iqtisadi ittifaq səviyyəsinə qaldıra bilərmi?
- Ümumilikdə, gələcəkdə Azərbaycan–ABŞ iqtisadi tərəfdaşlığını dərinləşdirmək üçün ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimadın daha da möhkəmləndirilməsinə, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına, institutların və bazar şəraitinin gücləndirilməsinə, eləcə də hər iki ölkə üçün strateji əhəmiyyət daşıyan sahələrə fokuslanmağa ehtiyac var. Eyni zamanda, dayanıqlı normativ-hüquqi bazanın inkişaf etdirilməsi və prosedurların şəffaflığının təmin edilməsi vacibdir ki, bu da ölkənin xarici investorlar üçün cəlbediciliyini artıracaq.
Bundan əlavə, bərpa olunan enerji, rəqəmsal texnologiyalar və nəqliyyat-logistika sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi iqtisadi münasibətlərə yeni təkan verə bilər.