AZ

Süni intellekt, məlumat mərkəzləri, yaşıl enerji: Qlobal böhran və Azərbaycan üçün möhtəşəm fürsət

Elektrik artıq yeni "neft"dir – onun qıtlığı getdikcə kəskinləşir. Bu fonda infrastruktura – məlumat mərkəzləri, enerji təchizatı və hesablama resurslarına ehtiyac xüsusilə önə çıxır. Məhz burada Azərbaycan unikal coğrafi mövqeyi və yaşıl enerji potensialı ilə qlobal Sİ yarışında reqionda önəmli rol oynaya bilər.

Sİ sənayesində miqyas böhranı

Bu yaxınlara qədər Sİ modellərini böyütmək – parametrləri, məlumatları və resursları artırmaq – keyfiyyəti düz xətt üzrə yüksəldirdi. Amma 2024–2025-ci illərdə hər şey aydın oldu: bu yol artıq köhnə uğurları vermir.

Dünyanın nəhəng texno-şirkətləri – OpenAI, Google, Meta, Amazon, Microsoft – infrastrukturu köklü dəyişdirirlər: məlumat mərkəzləri tikirlər, mühəndislər uğrunda yarışırlar, öz çiplərini yaradırlar. ABŞ qlobal Sİ gücünün 63%-ni (Synergy Research Group, 2024) saxlayır, Çin ardınca gəlir, amma ixrac maneələri ilə üzləşir. Avropa və qalan dünya hələlik arxa planda qalır.

Sİ infrastruktursuz yaşaya bilməz. Bütün hesablama, öyrənmə, mətn, şəkil və səs emalı məlumat mərkəzlərində – xüsusi serverlər və prosessorlarla dolu böyük zallarda baş verir. Məlumat mərkəzi istifadəçiyə nə qədər yaxındırsa – gecikmə az, sürət və səmərəlilik yüksək olur.

Bu gün infrastruktura nəzarət uğrunda qlobal yarış gedir: yüzlərlə yeni mərkəz tikilir. OpenAI Texasda super mərkəz qurur, Meta Luizianada. ABŞ Abu-Dabi səhrasında investisiya qoyur – Avropa, Afrika və Asiyanı birləşdirən kabellərin kəsişməsində. Eyni şəkildə Azərbaycan Şərq ilə Qərb arasında rəqəmsal qovşağ olması məntiqi fürsətdir.

Azərbaycan: coğrafiya strateji resurs kimi

Azərbaycan Avropa ilə Asiya arasında unikal geosiyasi mövqeyə malikdir, Rusiya, İran, Türkiyə, Mərkəzi Asiya ölkələri ilə həmsərhəddir. Ölkə ərazisindən mövcud və layihələşdirilən rəqəmsal magistral xətlər keçir, o cümlədən Xəzər dənizi vasitəsilə Çin ilə Avropanı birləşdirəcək Transxəzər marşrutu.

Dünya rəqəmsal infrastruktura tələbatı fonunda Azərbaycan yalnız tranzit dəhlizi deyil, məlumat mərkəzlərinin yerləşdirilməsi platforması ola bilər – Yaxın Şərqdən Şərqi Avropaya qədər region istifadəçilərini xidmət göstərəcək.

Daxili rəqəmsallaşma ("Rəqəmsal Azərbaycan") bu mənzərəni tamamlayır, informasiya-kommunikasiya texnologiyaları sahəsinə beynəlxalq investisiyaları cəlb etmək üçün normativ və texnoloji mühit yaradır.

Energetika və COP29: neftdən davamlı gələcəyə

Azərbaycan dünyanın ən qədim enerji dövlətlərindən biridir və son illərdə enerji strukturunu aktiv diversifikasiya edir, yenilənə bilən mənbələrə diqqət yetirir. 2030-cu ilə qədər quraşdırılmış gücün ən azı 30%-i “yaşıl” olacaq. Bu məqsədə çatmaq üçün Qobustan, Xızı, Abşeron, Cəbrayıl, Füzuli, Zəngilan və Kəlbəcərdə günəş, külək və hidroenerji layihələri həyata keçirilir. Ən vacib təşəbbüs Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonaları”nın yaradılmasıdır – burada güclü küləklər, yüksək günəş radiasiyası və hidroresurslar təmiz enerji istehsalı üçün ideal şərait yaradır. Əsas layihələr arasında "Qaradağ" (230 MVt, istismarda), "Xızı-Abşeron" (240 MVt, tikintidə) və "Şafaq" (240 MVt, inkişafda) var. Bundan əlavə, 2024-cü ildə COP29-da 3,5 QVt dəniz külək elektr stansiyaları layihələri üzrə razılaşmalar imzalanmışdır.

Azərbaycanın aktiv təbliğ etdiyi ən iddialı layihələrdən biri “Caspian–Black Sea–Europe Green Energy Corridor”dur. Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə yenilənə bilən enerji ixracına yönəlmiş bu layihə Prezident İlham Əliyevin təklifi ilə başlayıb və geniş beynəlxalq dəstək qazanıb. Azərbaycanda istehsal olunan elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya və Macarıstana ötürəcək 1195 km uzunluqda sualtı kabelin tikintisi haqqında razılaşma 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə kabelin gücü 4 QVt-a qədər artıb ki, bu da Avropada yenilənə bilən enerjiyə artan tələbatı effektiv ödəməyə və regionun enerji təhlükəsizliyini yüksəltməyə imkan verəcək. Layihə Qara dəniz vasitəsilə daimi cərəyan (HVDC) sualtı kabelinin çəkilməsini, həmçinin iştirakçı ölkələrdə yerüstü infrastrukturların tikintisini nəzərdə tutur. Kabelin tikintisi 3–4 il çəkəcək, istismara verilməsi 2032-ci ilə planlaşdırılır. 2025-ci ildə layihənin texniki-iqtisadi əsaslandırması yekun mərhələdədir, Qazaxıstan və Özbəkistanla koridorun genişləndirilməsi üçün yeni qarşılıqlı anlaşma memorandumları imzalanıb.

Layihə artıq əhəmiyyətli maliyyə dəstəyi alıb: Avropa Komissiyası realizasiya üçün 2,3 milyard avro ayırmağa hazır olduğunu bildirib, Dünya Bankı texniki-iqtisadi əsaslandırma və hazırlıq işləri üçün vəsait ayırıb. Bu layihə Azərbaycanın Avropa üçün “təmiz” enerji istehsalçısı kimi strateji əhəmiyyətini vurğulayır. Ölkəni qlobal enerji şəbəkəsinə inteqrasiya edir və istehsal olunan “təmiz” elektrik enerjisinin böyük hissəsini ixrac etməyə imkan verərək ölkəni iqtisadi cəhətdən daha davamlı və xarici investorlar üçün cəlbedici edir.

2024-cü ildə Azərbaycan dünyanın ən böyük iqlim tədbiri – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı COP29-a ev sahibliyi etdi. Bu tədbir beynəlxalq ictimaiyyətə ölkənin iqlim böhranına qarşı mübarizədə fəal iştirakını və davamlı enerji təcrübələrini inkişaf etdirmək istəyini nümayiş etdirdi. Azərbaycan COP29-dan əvvəl qaz emissiyalarını 1990-cı il səviyyəsinə görə 2030-cu ilə qədər 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq öhdəliyi götürüb. Ölkə “yaşıl” layihələrin həyata keçirilməsi üçün beynəlxalq investisiyaları cəlb etməyə davam edir ki, bu da qlobal davamlı inkişaf gündəliyinə və iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini təsdiqləyir. Beləliklə, Azərbaycan davamlı energetika sahəsində təşəbbüsləri fəal inkişaf etdirir və “təmiz” enerji ixracı üzrə vacib infrastruktura layihələri həyata keçirir. Bu səylər ölkənin beynəlxalq mövqelərini xeyli gücləndirir və postkarbohidrogen dövründə iqtisadi artım üçün möhkəm əsas yaradır.

Beynəlxalq qiymətləndirmələrə baxış: Azərbaycan

Azərbaycanın qlobal Sİ və enerji transformasiyası kontekstində potensialını düşünərək, öz tədqiqatlarımı beynəlxalq trendlər, ekspert təhlilləri və sənaye liderlərinin sistemli yanaşmaları ilə müqayisə etdim. Aşağıda, mənim fikrimcə, rəqəmsal infrastruktura, davamlı energetika və texnoloji suverenlik sahəsində aparıcı dünya ekspertlərinin Azərbaycanı necə gördüyü əsas aspektlər təqdim olunur.

1. Geostrateji mövqe– şübhəsiz rəqabət üstünlüyü. Azərbaycan coğrafi olaraq üç makro bazarda – Avropa, Asiya və Yaxın Şərqdə kəsişmədə yerləşir. Bu, davamlı rəqəmsal birləşmələrə, tranzit potensialını inkişaf etdirməyə və yaxın regionların ehtiyaclarını minimal gecikmə və yüksək ötürmə qabiliyyəti ilə ödəməyə imkan verir.

2. Yaşıl energetika– texnoloji inteqrasiyanın açarı. Məlumat mərkəzlərinin qidalanması üçün yenilənə bilən elektrik enerjisi mənbələrdən istifadə – artıq seçim deyil, ESG gündəliyinə uyğunluq üçün məcburi şərtdir. Azərbaycan eyni zamanda YİM, torpaq resursları və bazarlara logistik yaxınlığı təklif edə bilər ki, bu da onu qlobal operatorlar üçün xüsusilə cəlbedici edir.

3. İnstitusional sabitlik və hüquqi infrastruktura– qiymətləndirmənin vacib kriteriyası. Texnoloji kapital aydın oyun qaydaları, müqavilə müdafiəsi, tənzimləyici qərarların qorunduğu yerə axır. Azərbaycan institutların davamlılığını nümayiş etdirir ki, bu da rəqəmsal və enerji investisiyaları üçün etibarlı platforma haqqında danışmağa imkan verir.

4. COP29 diplomatik və bazar fürsətlərinin pəncərəsi kimi.Bakıda ilin ən böyük iqlim konfransının keçirilməsi – yalnız imic qələbəsi deyil, həm də ölkəni iqlim liderliyinin model platformasına çevirmək fürsətidir. Bu, iqlim kapitalının cəlb edilməsi, tərəfdaşlıqların qurulması və yaşıl həllər qlobal bazarlarına çıxış üçün ciddi əsaslar yaradır.

5. Avropaya enerji ixracı– yeni geo-iqtisadiyyata addım. Azərbaycan karbohidrogenlərdən başqa davamlı elektrik enerjisini də ixrac edə biləcəyini göstərir. Qara dəniz vasitəsilə Avropa İttifaqına enerji koridoru layihəsi – qitə miqyasında “təmiz” enerji tədarükçüsü rolunda strateji lahiyədir.

6. Kadr və innovasiya potensialı– uğurun şərti. Mən əminəm ki, insan kapitalına sistemli investisiya – Sİ təhsili ekosistemi, ingilis dilli universitetlər, texnologiya transferi, akseleratorlar və ventur fondları olmadan bütün infrastruktura sadəcə “dəmir” olacaq. Azərbaycan vizyoner nəsil, alqoritm memarları və dünya səviyyəli mühəndislərin yaranması üçün şərait yaratmalıdır. Ancaq belə tam rəqəmsal suverenlikdən danışmaq olar.

Perspektivlər: infrastrukturdan liderliyə

Ətrafı seyr etsək, regionda yeni texnoloji yarış başlayır. Mərkəzi Asiya və Cənubi Qafqaz qaynayır: Qazaxıstan, Özbəkistan, Ermənistan, Gürcüstan, hətta Qırğızıstan və Tacikistan – hamısı süni intellektə, məlumat mərkəzlərə, superkompüterlərə və “yaşıl” energetikaya sürətlə investisiya qoyur. Hər biri gələcəkdə yerini tutmağa çalışır, orada Sİ sadəcə texnologiya deyil, milli qüdrətin təməli olacaq. Məsələn, Qazaxıstan milyard dollarlıq Sİ məhsulları ixracına hədəflənir, Özbəkistan DataVolt ilə yaşıl məlumat mərkəzləri qurur, Ermənistan NVIDIA ilə regionun ən böyük Sİ mərkəzini işə salır.

Bütün regional oyunçuların ambisiyaları fonunda məhz Azərbaycan ən kompleks və davamlı potensiala malikdir.

Və iş nəinki rəqəmlər və ya planlarda. Hamısı Azərbaycanın mövqeyindən başlayır. Azərbaycan, Avropa ilə Asiya arasında təbii körpü, rəqəmsal dəhlizlərin, nəqliyyat yollarının və enerji axınlarının kəsişməsidir. Coğrafi mövqeyimiz – dəyərli aktivdir. Xəzər, Qafqaz və Qara dəniz vasitəsilə Azərbaycan məlumatlar, enerji və texnologiyalar üçün əsas tranzit kanalı ola bilər.

Lakin coğrafi üstünlük kifayət deyil. Azərbaycanın açar aktivi – siyasəti davamlılıq və transformasiya iradəsidir. Digər ölkələr strategiya hazırlayarkən Azərbaycan artıq hərəkətə keçir. 2025-ci ildə Süni İntellekt üzrə Milli Strategiya ("Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası", 2025-ci il martın 19-da Prezident fərmanı ilə təsdiqlənib) qəbul edilib.

Bu sadəcə sənəd deyil – superkompüterlərin yaradılması, Sİ startaplarının dəstəklənməsi, texnologiyalarda etikanın inkişafı və minlərlə yeni kadrın hazırlanması üçün başlanğıc nöqtəsidir. 2025-ci ildən etibarən ölkə universitetlərində Sİ üzrə 70-dən çox akademik proqram təklif olunur.

Və bu hamısı kağız üzərində deyil – artıq gedən işin başlanğıcıdır.

Burada Azərbaycanın enerji potensialı xüsusi rol oynayır. Qonşular “yaşıl” energetikaya keçidə yeni başlayarkən Azərbaycan artıq günəş və külək stansiyaları qurur. Azərbaycan Qara dəniz dibindən enerji kabelinin layihə işlərinə başlayıb ki, ölkəni Avropa İttifaqı ilə birbaşa birləşdirsin. Bu Prezident İlham Əliyevin şəxsən başlatdığı tarixi addımdır.

Azərbaycan Qazaxıstan və Özbəkistanla Avropaya “Yaşıl enerji koridoru”nun formalaşdırılması haqqında razılaşma imzalayıb. Bu o deməkdir ki, Azərbaycan artıq regional ölkə deyil – gələcək Avropanın enerji və rəqəmsal arxitekturasının hissəsi olur.

Və bununla Azərbaycan qapalı qalmır. BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Çin, Cənubi Koreya və Avropa İttifaqı ilə əməkdaşlıq kapitala, texnologiyalara və dünyanın ən yaxşı təcrübələrinə çıxış açır. Azərbaycanın beynəlxalq tərəfdaş kimi etibarlılığı enerji və rəqəmsallaşma sahəsində aparıcı ölkələr və institutlarla əməkdaşlıq təcrübəsi ilə təsdiqlənir. COP29 iqlim konfransına ev sahibliyi etməsi kifayətdir. Bu sadəcə etimad deyil – Azərbaycanın düzgün istiqamətdə hərəkət etdiyinin simvoludur. Lakin bu yarışda rahatlanmaq olmaz. Qonşular yerində dayanmır. Azərbaycan sürətlənməsə, fürsəti qaçıra bilər. Sİ dünyasında vaxt hər şeydir.

Azərbaycana strategiyalardan başqa klasterlərə, akseleratorlara, ventur fondlara, yeni universitetlərə, startaplara və qlobal alyanslara ehtiyacı var. Öz Sİ arxitektorlarını yetişdirmək lazımdır ki, texnologiyaları burada yaratsınlar, sadəcə hazır həlləri idxal etməsinlər.

Lakin bunu etməkAzərbaycanı:
- Regionun Sİ və məlumat mərkəzlər habına;
- Milli və korporativ Sİ modellərinin yerləşdirilməsi platformasına;
- Avropaya “yaşıl” enerji ixracatçısına;
- Transavraziya rəqəmsal ekosistemin iştirakçısına;
- Postkarbohidrogen dövründə davamlı texnoloji inkişaf nümunəsinə çevirəcək.

Bu gün Azərbaycanın fürsəti var – gələcəyə sadəcə daxil olmaq deyil, onu burada – Bakıda, Şuşada, Zəngilanda, Laçında və ölkənin digər şəhərlərində qurmaq. Hər küncdə, rəqəmsal həllərin iqtisadiyyatı, təhsili, səhiyyəni və gündəlik həyatı dəyişdirdiyi yerdə. Hər texnoparkda, hər məlumat mərkəzdə, hər laboratoriyada.

Bu anı qaçırmaq olmaz. Çünki sabah artıq bu gündə başlayır. Və bu “bu gün”də Azərbaycanın texnoloji tərəqqi ilə ayaqlaşmaq deyil – özü temp diktə etmək üçün hər şeyi var.

Yekun

Süni intellektin inkişafı ilə bağlı miqyaslı texnoloji dəyişiklik bəşəriyyət qarşısında yeni imkanlar açdı, amma yeni çağırışlar da yaratdı. Dünya hesablama gücünün, məlumatların, enerjinin və istedadların çatışmazlığı ilə üzləşdi. Bu şərtlərdə qalib gələn ilk başlayan deyil, daha sürətli uyğunlaşaraq möhkəm infrastruktura və intellektual baza yarada bilən olur.

Azərbaycan bu gün bu qlobal transformasiyaya qoşulmaq və onda əsas rol oynamaq üçün lazım olan hər şeyə malikdir. Coğrafi mövqe, artan yaşıl enerji gücləri, sabit siyasəti mühit, aktiv rəqəmsallaşma, iqlim diplomatiyası və ölkə rəhbərliyin qətiyyətli vizyoner addımları – hamısı unikal milli resursda birləşir.

Lakin vaxt XXI əsrin əsas kapitalıdır. İndi gözləmə anı deyil, hərəkət anıdır. Azərbaycan bu istiqamətdə strategiyaları müzakirə etmir, məlumat mərkəzləri tikir, Sİ klasterlərini yerləşdirir, “yaşıl” enerji ixrac edir, yeni texnoloji liderlər nəsli hazırlayır.

Azərbaycan öz resurslarını, intellektini və siyasəti iradəsini vahid ekosistemdə birləşdirə bildi. Azərbaycan Şərq ilə Qərb arasında sadəcə körpü deyil, yeni texnoloji sivilizasiyanın dayaq sütunu olacaq. Qaçan deyil, lider. Müşahidəçi deyil, gələcəyin memarı.
Seçilən
0
1
azvision.az

2Mənbələr