Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) baş katibi akademik Asəf Hacıyevlə görüşüb.
Məlumatı AMEA Media və İnformasiya şöbəsi verib.
AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə çıxış edən akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyasının 80 illiyi çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Qeyd edib ki, dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamından irəli gələrək həm ölkəmizdə, həm də Türk dünyasının elmlər akademiyaları və akademik elmi təşkilatlarında AMEA-nın yubileyi təntənəli şəkildə qeyd olunur.
Bu tədbirlər çərçivəsində cari ilin iyun ayında İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası tərəfindən təşkil edilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin İkinci toplantısında AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu deyən akademik İsa Həbibbəyli tədbirin təşkilinə görə akademik Asəf Hacıyevə təşəkkürünü bildirib.
AMEA rəhbəri, həmçinin noyabr ayında planlaşdırılan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir, eləcə də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıq məsələləri barədə danışıb.
Öz növbəsində çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi akademik Asəf Hacıyev qeyd edib ki, Milli Elmlər Akademiyası mövcud olduğu 80 il ərzində ölkəmizin ictimai, iqtisadi, elmi, ədəbi, mədəni həyatında mühüm rol oynayıb və Azərbaycan alimləri elmi kəşfləri, apardıqları tədqiqatlarla dünya şöhrəti qazanıblar.
Dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının AMEA-nın 80 illik şərəfli tarixinə, Azərbaycan elminə, aliminə və ziyalısına verilən dəyərin ifadəsi olduğunu deyən akademik Asəf Hacıyev bu çərçivədə keçirilən tədbirləri yüksək dəyərləndirib.
Görüşdə, həmçinin bir sıra məsələlərlə bağlı fikir mübadiləsi və müzakirələr aparılıb, xatirə şəkilləri çəkdirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.