Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri yüksək rütbəli amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ və Aİ rəsmiləri arasında keçirilən 13 virtual və üzbəüz görüşdə Brüssel Vaşinqtona heç bir konkret təklif təqdim etməyib. "Prezident onların hərəkətsizliyindən dərin şəkildə məyus oldu - sadəcə görüşüb danışırdılar, amma heç nə etmirdilər. Sonra Tramp onlara məktub göndərdi və hər şey dəyişdi. Onlar onun ciddi olduğunu başa düşdülər və əgər danışıqlara başlamasalar, ciddi risklə üzləşəcəklərini anladılar", - deyə rəsmi bildirib.
O əlavə edib ki, ABŞ administrasiyası qapalı şəkildə Aİ-yə qarşı daha sərt mövqe nümayiş etdirib, nəinki Tramp bunu ictimaiyyət qarşısında edib.
Tramp bazar günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşdən sonra bildirib ki, ABŞ və Aİ razılığa gəlib: ABŞ-yə idxal olunan bütün Avropa məhsullarına 15% tarif tətbiq ediləcək, Avropa İttifaqı isə ABŞ məhsullarından tarif almayacaq. Qeyd edək ki, bu razılaşmadan əvvəl Tramp administrasiyası Aİ məhsullarına 30%-lik tarif tətbiq etməyi planlaşdırırdı.
Prezident Tramp əldə olunan razılaşmanı "ABŞ və Aİ arasında indiyə qədərki ən böyük ticarət sazişi" adlandırıb.