AZ

Xalqın banklardakı 15 milyardı - əmanət etmək olarmı?

Bir sıra hallarda bankların aktivləri həmin əmanətlərin qaytarılmasına çatmır

Azərbaycan Mərkəzi Bankı ölkənin bank sektoruna dair yarımillik göstəriciləri açıqlayıb. "Olaylar.az" tənzimləyicinin statistik bülleteninə istinadən xəbər verir ki,  30 iyun 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 496, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,355 olub.

Hesabat dövründə fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 734.1 milyon manat, cəmi öhdəlikləri 49 milyard 788.2 milyon manat, balans kapitalı 6 milyard 945.9 milyon manat olub. İyun ayında bankların cəmi aktivləri 0.3 faiz, cəmi öhdəlikləri 0.2 faiz, balans kapitalı isə 1.3 faiz artıb.

İyun ayı ərzində bankların kredit portfeli 0.3 faiz və ya 85.6 milyon manat artaraq 28 milyard 472.1 milyon manat təşkil edib. Kredit portfelinin strukturu belədir: biznes kreditləri - 53.2 faiz (15 milyard 143.7 milyon manat); istehlak kreditləri - 31.3 faiz (8 milyard 898.3 milyon manat) və ipoteka kreditləri - 15.5 faiz (4,430.2 milyon manat).

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir - cəmi öhdəliklərin 75 faizi və ya 37 milyard 53.3 milyon manat. Depozit portfelinin 59.7 faizi (22 milyard 292.6 milyon manat) hüquqi şəxslərin, 40.3 faizi (15 milyard 60.7 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 67 faizi (10 milyard 95.8 milyon manat) milli valyutada, 33 faizi (4 milyard 964.9 milyon manat) xarici valyutadadır. Birinci rüblə müqayisədə xarici valyutada qoyulan əmanətlərin məbləği 5,9 milyon manat artsa da, manat əmanətlərindəki daha sürətli artıma görə onun ümumi əmanət portfelində payı 0,6 faiz bəndi (birinci rübün yekununda 33,6 faiz idi) azalıb.

Mərkəzi Bankın statistikasına əsasən, fiziki şəxslərin əmanət portfelinin 62.5-i (9 milyard 408 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyun ayında 2.3 faiz və ya 209.6 milyon manat, tələbli əmanətləri isə 2.1 faiz və ya 116.9 milyon manat artıb. 2025-ci ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.9 faiz (3,112 əmanətçi), ilin əvvəlindən isə 11.7 faiz (17,654 əmanətçi) artıb. Nəzərə alsaq ki, yanvarın 1-nə Azərbaycanda 150,5 min nəfər unikal əmanətçi olub, onda iyulun birinə onların sayının 167 154-ə çatdığını deyə bilərik. "Unikal" əmanətçi dedikdə, bir və ya bir neçə bankda müddətli əmanətləri olan şəxslər nəzərdə tutulur. Məsələn, bir şəxsin 5 müxtəlif bankda müddətli əmanəti mövcuddursa, o, ümumi statistikada yalnız bir unikal əmanətçi kimi qeyd olunur. 

Əksər mütəxəssislərə görə, əhali sayı 10 milyon nəfərdən yuxarı olan Azərbaycanda əmanətçi sayı çox azdır. Belə ki, banklarda əmanəti olan şəxslər ölkə əhalisinin 1,7 faizindən də azını təşkil edir. Mütəxəssislərə görə, bu vəziyyət ölkədə gəlirlərin kiçik bir qrupun əlində cəmləşdiyinin göstəricisidir.

2000-ci illərdən ötən müddətdə Azərbaycanda 22 bankın lisenziyası ləğv edilib. Onların böyük əksəriyyəti 2015-2016-cı illərdəki devalvasiyalardan sonra böhranlı vəziyyətə düşərək iflas ediblər. Bankların ləğvetmə prosesini həyata keçirən Əmanətlərin Sığortalanması Fondunun (ADİF) internet saytında yerləşdirilən məlumatdan aydın olur ki, indiyədək bağlanan 22 bankın ləğvetmə prosesi davam edir. Heç birində proses yekunlaşmayıb.

Bu banklarda olan əmanətlərin qaytarılması zamanı müəyyən çətinliklər yaranıb. Doğrudur, əksər bağlanan banklarda qorunan əmanətlərin qaytarılması sahəsində ciddi problemlər yaranmayıb. Dövlət belə əmanətləri qaytarmaq üçün aktivləri olmayan bankların qorunan əmanətlərini öz hesabına qaytarıb. Xüsusilə vaxtilə sistem əhəmiyyətli banklardan biri olan "StandartBank"dakı əmanətlərin qaytarılması dövlətə ciddi maliyyə yükü yaradıb. Lakin bağlanan banklarda qorunmayan əmanətləri olan şəxslər illərlə öz vəsaitlərini almaq üçün mübarizə aparmalı olurlar. Bir sıra hallarda belə əmanətlərin kompensasiyası prosesində gizli sövdələşmələr vətəndaşların kütləvi etirazlarına, məhkəmələrə üz tutmalarına səbəb olur.

Qanunvericiliyə əsasən, qorunmayan əmanətlər bağlanan bankın aktivləri hesabına kompensasiya olunmalı kreditorlar sırasında 7-ci yerdə gəlirlər. Bir sıra hallarda bankların aktivləri həmin əmanətlərin qaytarılmasına çatmır.

Maraqlıdır ki, belə mənfi təcrübələr əhalidə əmanətlərinin sığortalanmasını təmin etmək sahəsində immunitetin formalaşmasında böyük rol oynayıb. Sadə insanlar əksər hallarda əmanətlərinin tam sığortalanmasını təmin etmək üçün vəsaitlərini bölərək bir neçə banka yerləşdirirlər.

"Əmanətlərin sığortalanması haqqında" Qanuna əsasən, məbləği 100 min manatdan çox olmayan manatla 12, xarici valyuta ilə 2.5 faizədək divident ödənilən əmanətlər sığortalanır. Həmin qanunun 26.1-ci maddəsinə əsasən, əmanətçiyə ADİF tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Sahibkarlıqla məşğul olan şəxslərin hansı məbləğdə vəsaitləri kompensasiya olunur? Bildirilir ki, fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.

"Əmanətlərin sığortalanması haqqında" Qanunun 2.1.2-ci maddəsinə əsasən, bunlar qorunan əmanətlərə aid edilmir:

- bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;

- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;

- cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;

- üzərinə həbs qoyulmuş əmanətlər;

- cəlb edildiyi günə müəyyən edilmiş həddən (milli valyutada olan əmanətlər üzrə 12 faiz, xarici valyutada olan əmanətlər üzrə isə 2,5 faiz) yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;

- fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri;

- fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri.

Son illərdə bağlanan banklardakı əmanətlərin qaytarılması ilə bağlı xərclərin azalması fonunda Mərkəzi Bankın ADİF-ə verdiyi kreditlər də azalır. Belə ki, rəsmi məlumata görə, belə kreditlərin ümumi məbləği 163 milyon 945 min manat olub. Bu isə o deməkdir ki, göstərici illik müqayisədə 24,3 faiz və ya 52.5 milyon manat azdır.

ADİF-ə verilmiş kreditlərə lisenziyası ləğv edilmiş və müvafiq məhkəmə qərarları əsasında müflis elan olunmuş banklarda fiziki şəxslərin qorunan əmanətlərinin qaytarılması üzrə kompensasiyaların ödənilməsi, bununla da maliyyə-bank sisteminin dayanıqlığını təmin etmək məqsədilə dövlət zəmanəti ilə verilmiş aşağı faizli kreditlər daxildir.

Maraqlıdır ki, qorunmayan əmanətlərin kompensasiya olunması sahəsindəki problemlər bəzi əmanətçilər üçün maneə hesab olunmur. Belə ki, açıqlanan məlumatlar göstərir ki, ölkə üzrə əmanətlərin böyük hissəsi az sayda əmanətçiyə məxsusdur. Məsələn, belə bir fakt ötən ay Moody's Beynəlxalq Reytinq Agentliyi tərəfindən açıqlanıb. Agentlik XalqBankın investisiya reytinqinə dair hesabatında bankın depozit portfelində yüksək konsentrasiya riskini də qeyd edib. Belə ki, ilk 20 depozitçi ümumi depozitlərin 54 faizinin sahibidir. Bankın hesabatından aydın olur ki, depozit portfelinin ümumi həcmi 1 yanvar 2025-ci il tarixinə 1 milyard 905,4 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, bankın portfelinin 1 milyard 28,7 milyon manatı 20 əmanətçiyə aiddir. Sözügedən hər bir əmanətçi orta hesabla bankda 51,4 milyon manat vəsait saxlayır.  Buna baxmayaraq, sabit müştəri bazası bu riski qismən kompensasiya edir. Agentlik qeyd edib ki, banka reytinq dəstəyi Azərbaycan hökumətinin potensial müdaxiləsi ehtimalı ilə bir pillə artırılıb. Hazırkı reytinq göstəricilərinə mənfi təsir yalnız aktiv risklərinin artması və ya dövlət dəstəyinin zəifləməsi fonunda baş verə bilər.

Mütəxəssislərə görə, araşdırılaraq müvafiq məlumatlar açıqlanarsa, əksər banklarda əmanətlərlə bağlı oxşar situasiyanın olduğu üzə çıxar. Bu isə həm banklar üçün risklər formalaşdırır (bir neçə iri əmanətçinin vəsaitini bankdan çəkməsi onun iflasına səbəb ola bilər), həm də həmin banka külli miqdarda vəsait yatıran əmanətçi üçün (bank iflas edərsə, qoyduğu əmanətin cüzi bir hissəsini ala biləcək). (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr