Son vaxtlar Cənubi Qafqazda baş verən proseslər, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşməsi, bölgədə yeni geosiyasi düzən formalaşdırmaqdadır. İyulun 10-da Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşdən sonra diplomatik ritorikada ümidverici ton hiss olunur.
Danışıqların ardınca ABŞ-ın Zəngəzur dəhlizinə 100 illik nəzarət təklifi və İrəvandan məsələ ilə bağlı səsləndirilən bəyanatlar diqqət çəkir. Bu, həmçinin İran və Rusiyanın regiona yanaşmasına da təsir edir.
Təklif reallaşarsa, ABŞ Qafqaza yenidən daxil olacaq? Rusiya bu gedişi neytrallaşdırmaq üçün bölgədə yeni münaqişə yaratmağa çalışa bilərmi?
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, hazırda proseslər Azərbaycan və Ermənistanın mövqelərindən asılıdır:
“Əbu-Dabidə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra bölgədə daha ümidverici mənzərə formalaşmağa başlayıb. Çünki Ermənistan əvvəllər bir addım irəli atsa da, ardınca iki-üç addım geri çəkilirdi. Sülh sazişinin imzalanmasına dair pafoslu bəyanatlar verilsə də, real və mühüm addımlar atılmırdı. Lakin Əbu-Dabi görüşü Ermənistanın bu süründürməçilik taktikasına son qoymaq potensialına malikdir. Paşinyan bir neçə dəfə bəyan edib ki, regionda kommunikasiyaların açılmasının vaxtıdır. Azərbaycan da öz haqlı tələblərindən geri çəkilmir”.
Politoloq sülh müqaviləsinin imzalanması üçün yerinə yetirilməsi vacib olan şərtlərə də toxunub:
“Müqavilənin imzalanması üçün ilk növbədə ATƏT-in Minsk qrupu rəsmi şəkildə ləğv olunmalı və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına əsas yaradan bəyyanaməyə son verilməlidir. Bu, beynəlxalq hüquq və diplomatiya baxımından da zəruri şərtdir.
ABŞ 100 il əvvəl də bölgəmizə böyük maraq göstərirdi. Erməniləri müdafiə edərək onlara istədiklərindən daha artıq imkanlar vəd edirdilər. Həmin dövrdə prezident olan Vudro Vilson öz səfirini regiona göndərmişdi. Səfir Naxçıvanda məskunlaşaraq hadisələri həm izləyir, həm də proseslərə müdaxilə etməyə çalışırdı. Lakin Vaşinqtonun o zaman Qafqaza tam şəkildə daxil olması mümkün olmadı”.
Tofiq Abbasov
Tofiq Abbasovun əlavə edib ki, bu gün ABŞ-ın bölgəyə marağı daha da artıb:
“Əsas söz və qərarvermə hüququ Bakı ilə İrəvanda olmalıdır. Azərbaycan ikitərəfli formatda danışıqların tərəfdarıdır. Ermənistanda da bu yanaşma getdikcə qəbul olunmağa başlayır. Onlar anlayırlar ki, rəsmi Bakının təklif etdiyi mexanizmlər qarşılıqlı faydaya yönəlib və Ermənistanı sıxışdırmaq məqsədi daşımır. Əgər razılaşma əldə olunarsa, kommunikasiyaların açılması və dəhlizlərin fəaliyyəti üçün üçüncü tərəflərin iştirakı zəruri olmayacaq.
ABŞ dünyanın aparıcı ölkəsidir və özünü hər yerdə göstərmək istəyir. Amma region dövlətləri məsələləri öz aralarında razılaşdırıb həll edə bilirlərsə, o zaman xarici oyunçuların iştirakına ehtiyac qalmır.
Prezident İlham Əliyevin təklif etdiyi “3+3” formatı da göstərir ki, bölgədəki problemlərin həllini elə region ölkələrinin özləri tapmalıdır. Bu, daha sağlam və dayanıqlı yanaşmadır”.